Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Kartda olan məbləğin azlığına-çoxluğuna baxılmır. Nə qədər varsa oğurlanır. Əgər kartınızda pul yoxdursa, naməlum şəxs sizə geri zəng edib başqa kart məlumatları istəyəcək. Diqqətli olun”
Banco.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib.
O, qeyd edib ki, vətəndaşlardan bank kartı məlumatlarını aldadıb almaqla, 23 fakt üzrə polisə müraciət daxil olub. Həmin məbləğlər – 11 000, 230, 1 300, 500, 300, 23, 480, 385, 1 050, 907, 917, 5 400, 50, 310, 42, 17, 280, 1 042, 364, 1 050, 2 500, 544, 367 manat olub.
Bəs vətəndaşlar kart sistemləri üçün hansı təhlükəsizlik tədbirlərini görə bilərlər?
Banco.az bu barədə olan vacib məqamları təqdim edir:
- Kartın şifrəsini, üzərindəki bitmə tarixini, kartın arxasındakı “cvv” kodunu alış-veriş edərkən heç kimlə paylaşmayın.
- Bankomatda şifrənizi daxil edərkən heç kimin görmədiyindən əmin olmalısınız.
- Kartınızı itirsəniz və ya oğurlandıqda bankla əlaqə saxlanılmalı, bu barədə məlumat verilməlidir.
- Onlayn alış-veriş edərkən diqqətli olun.
- "3D Secure" kodun aktivləşdirilməsi nəticəsində dələduzlar tərəfindən kartın internetdə istifadəsinin mümkünsüz olacaq.
- Bankomatdan istifadə edərkən kartı bankomata daxil edilən hissəsinə diqqət yetirin. Orada heç bir əlavə qurğu və ya alət olmamalıdır.
- POS-terminal vasitəsilə ödəniş etdikdə, çekin surətini ən azı məbləğin kart hesabından düzgün silindiyinə əmin olana qədər özünüzdə saxlayın.
- Dələduzluq əməliyyatlarının aparıldığına dair şübhəniz olduqda dərhal kartınızı blok edib, bu haqda banka bildirin
- Kart hesabınızın idarə olunması və nəzarətin həyata keçirilməsi üçün Bankın SMS məlumatlandırma və İnternet/Mobile Bankinq xidmətindən istifadə edin.
- Şübhəli pul köçürmələri təkliflərindən imtina edin.
Bizi sosial şəbəkələrdən izləyin!!