Müəllif: Gülnar Əhmədli, Banco.az
Rəqəmsal bank xidmətlərinin inkişafı ilə biz artıq nağd pul olmadan internet üzərindən bir çox şey edə bilirik. Lakin bankomatlardan hələ də minlərlə bank müştərisi istifadə edir.
Bir bankda hesabınız varsa, mütləq debet və ya kredit kartınız var. Bu kartlardan istifadə etməklə bankomatlardan pul çıxararkən və ya marketlərdə alış-veriş edərkən 4 rəqəmli parol daxil etməklə şəxsiyyətinizi təsdiq etməlisiniz.
Bu parollarla bağlı bəlkə də hər kəsin 1 dəfə düşündüyü maraqlı bir fakt var. Mütəxəssislər internetdə uzun və çətin təxmin edilən parollardan istifadə etməni tövsiyə edirlər. Bu şəkildə kiber hücumçuların və dələduzların hesabları ələ keçirməsi çətinləşir.
Həmçinin oxu: Bank kartlarımızı dələduzlardan necə qoruyaq?
Bəs niyə bütün bank hesabınızı və pulunuzu qoruyan kart parolları cəmi 4 rəqəmlidir? Debet və ya kredit kartları üçün parol təxmin edilməsi daha çətin və uzun olmamalıdır?
Bu sualın əslində sadə cavabı var: Çünki sadəcə 4 rəqəmi xatırlamaq daha asandır. Banklar sizə yalnız 4 rəqəmli kart PİN koduna sahib olmağa icazə verir, çünki onu yadda saxlamaq 6 və ya 7 rəqəmli olandan nisbətən daha asandır.
Buna baxmayaraq 4 rəqəmli şifrə kartınızı “Brute-Force” hücumlarına qarşı həssas edə bilər. “Brute-Force” hücumları düzgün kombinasiya əldə olunana qədər rəqəmlərin, hərflərin və simvolların hər bir mümkün kombinasiyasını sistematik şəkildə sınayaraq parolu təxmin etməyə çalışır.
Bu hücumlar o deməkdir ki, haker 0000, 0001, 0002, 0003 və s. kimi kombinasiyaları sınayacaq və nəhayət 9999 nömrəsinə çatana qədər bunu davam etdirəcək.
ATM-lərdə parollar bu hücumlardan necə qorunur?
Bu kimi səbəblərə görə, banklar kartınızdan istifadə edərkən səhv PİN kodun daxil edilməsinin sayına limit qoyurlar. Yəni, ardıcıl 3 dəfə səhv parol daxil etsəniz, kartınız bloklanır və növbəti parol cəhdlərinin qarşısı alınır.
4 rəqəmli parollar necə yaranıb?
Bankomat ixtira etmək ideyası ingilis ixtiraçısı John Shepherd Barron tərəfindən gerçəkləşdirilib. Əvvəlcə Barron bankomatlarda 6 rəqəmli PİN kodlardan istifadə etməyi təklif edirdi. Barron bu təklifi ilk olaraq həyat yoldaşının üzərində sınaqdan keçirib və onun yadda saxlaya biləcəyi ən uzun nömrə ardıcıllığının 4 olduğunu görüb.
Bu səbəblə ingilis ixtiraçı bankomatlarda 6 rəqəmli parol yerinə 4 rəqəmli parollara üstünlük verilməsini istəyib. Bu nəticə bu gün kredit və debet kartımızın 4 rəqəmli pinlə qorunmasına gətirib çıxarıb.
Bizi sosial şəbəkələrdən izləyin!!