2018-ci ilin sonuna “Bank BTB” ASC-nin aktivlərinin həcmi 2017-ci ilin analoji dövrü ilə müqayisədə 17,12% artaraq 314,773 milyon manat təşkil edib.
Hesabat dövründə bankın xalis kredit portfeli 34% artaraq 175,231 milyon manat olub.
Son bir ildə “Bank BTB”nin depozit portfeli 60% artaraq 90,873 milyon manata yüksəlib. Ötən ilin sonuna bankın cəmi öhdəliklərinin həcmi 21% artaraq 259,367 milyon manat təşkil edib.
2018-ci ildə “Bank BTB”nin nizamnamə kapitalı 2017-ci ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək 66,450 milyon manat olduğu halda, məcmu kapitalı 2% artaraq 54,730 milyon manata bərabər olub.
Hesabat dövrünün sonuna bankın əməliyyat mənfəəti 1,430 milyon manat, gəlirləri 25,657 milyon manat, xərcləri isə 24,952 milyon manat təşkil edib.
“Bank BTB” 2018-ci ili 704 min manat xalis mənfəətlə başa vurub.
“Bank BTB”nin İdarə Heyətinin üzvü Vüsal Şahverdiyev ötən il üzrə maliyyə nəticələrini şərh edərək 2018-ci ilin bank üçün uğurlu il olduğunu qeyd edib. “Ötən il əsas fəaliyyət göstəricilərindən olan əməliyyat mənfəətini də pozitiv trenddə saxlamaqla müsbət rəqəmə çevirməyə, eyni zamanda, qeyri-qənaətbəxş aktivlərin həcmini əhəmiyyətli dərəcədə azaltmağa müvəffəq olduq. Bunların sayəsində bankın dayanıqlılığının artırılmasına xidmət edən beynəlxalq IFRS9 standartının tətbiqinə hazırlıq məqsədilə ayrılmış ehtiyatlardan sonra, xüsusi ehtiyatların ümumi həcmi 726 min manat məbləğində artıb”, - deyə V.Şahverdiyev bildirib.