Portalımız müqədddəs Qurban bayramı münasibəti ilə oxucularımızı, həmkarları, bank kollektivlərini, bir sözlə bizi izləyən hər kəsi təbrik edir və kəsilən qurbanların, edilən ibadət və dualların qəbul olmasını diləyir.
Bununla əlaqədar olaraq, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) axundu, ilahiyyatçı hacı Fəxri Sadiqovun Qurban bayramının yaranma tarixi və İslamda yayılmasının sosial aspektləri mövzusunda məqaləsini təqdim edirik:
İslam dinində olan bayramlardan biri də müqəddəs Qurban bayramıdır. "Qurban" sözü ərəb dilində Allahın rəhmətinə yaxınlaşma anlamına gəlir.
Qurban bayramı Həzrət İbrahim və onun oğlu İsmayılın adı ilə adlansa da, əslində "Qurban" sözünə Həzrəti Adəmin dövründə oğlanları arasında baş verən hadisələrdə rast gəlinir.
Allah müqəddəs Quranda deyir - “Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. (Qurbanı qəbul olmayan oğlu öz qardaşına) demişdi: “Səni hökmən öldürəcəyəm!” (Qardaşı da ona belə) demişdi: “Allah ancaq müttəqilərdən (qurban) qəbul edər” Maidə surəsi , 27-ci ayə.
Bu ayədən açıq aşkar görünür ki, ilk qurbanı həzrəti Adəmin ə.s oğlanları Allah dərgahına aparmışlar. Sonradan bu adət halını alıb həqiqi mahiyyətindən çıxıb, şeytanın vasitəsi ilə müəyyən zaman ərzində vəhşi bir qanuna çevrilib. İnsanlar təsərrüfatından hər hansı bir şeyi (əkindən və ya heyvanlardan) qurban etmə əvəzinə öz övladlarını ilahələrə (bütlərə) qurban edirdilər.
Həzrət İbrahim ə.s. zamanında isə bu ilahi nemət onun vasitəsi ilə, qarışıqlıq və bidətlərdən təmizlənərək əsl mahiyyətini tapır.
Həzrət İbrahim ə.s və oğlu İsmayıl ə.s vasitəsi ilə Allah bu qanunu kamil olaraq yenidən öz gözəlliyinə qaytarır.
Sonradan Həzrət Muhəmməd ə.s-ın peyğəmbərlik dövründə isə bu islamda Həcc mərasimində vacibat və müsəlmanlar arasında kütəvilik halını alır.
Qurban kəsmək yalnız Həcc mərasimini icra edən Hacılara vacibdir. Məkkə şəhərindən kənar olan və Həcc mərasimində olmayan müsəlmanlara isə vacib deyil, ixtiyari hökmdədir.
Qurban kəsərkən bir neçə məsələyə diqqət vermək lazımdır.
"Qurani-Kərim"də hansı heyvanların qurban kəsilməsi ilə bağlı buyurulur: “Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi ənam (davarlar) cinsindən heyvanları kəsərkən Allahın adını çəksinlər (bismillah desinlər)” - Həcc surəsi 34-cü ayə.
Qurban bayramında kəsilən qurbanlar üç növə bölünür:
1. İbil (dəvə cinsi) 5 yaşı tamam olmalıdır.
2. Bəqar (inək və camış cinsləri) 1 yaşı tamam olmalıdır.
3. Qoyun (qoyun və keçi cinsləri) 6 və ya 7 ayı tamam olmalıdır.
Qurbanı fərdi və ya müştərək qaydada da kəsmək olar. Daha yaxşı olar ki, xırda buynuzlu heyvan fərdi qaydada, iri buynuzlu heyvanı isə müştərək qaydada kəsilsin. Müştərək qaydada kəsilən qurbanlıqda və bölünməsində müsəlmanlar şəriət prinsiplərindən kənar çıxmamalıdırlar.
Qurbanlıq üçün kəsilən heyvanın zahiri əlamətlərini bildirən məsələlər də İslamda öz əksini tamışdır. Qurbanlıq heyvan hər şeydən öncə sağlam və nöqsansız olmalıdır. Kor, şikəst, axtalanmış, buynuzu qırılmış və ya hər hansı bədən üzvündə eybi olan heyvanı qurban kəsmək olmaz. Xəstə və ya qocalıb əldən düşmüş heyvanı da qurban kəsmək islami-əxlaqi cəhətdən icazəli deyil.
Qurbanlıq heyvanın erkək olması daha bəyənilir, amma dişi olsa da olar.
Qurbanlıq üzü qibləyə kəsilməli və kəsənin müsəlman olması vacibdir.
Yaxşı olar ki, bayram namazı qılınandan sonra Qurban kəsilsin.
Qurbanı kəsəndən sonra onun ətinin bölünməsi məsələsi də şəriət qanunlarına uyğun olmalıdır.
Həzrət peyğəmbər ə.s. və məsum imamlardan gələn hədislərə görə, qurbanlıq əti 3 hissəyə bolünməlidir.
1. Qurban kəsənin ailə üzvlərinin payı;
2. Onun “sileyi-rəhm” yəni qohum əqrəbadan olan ehtiyaclıların payı;
3. Ona qohum olmayan qonşu və ətrafdan olan ehtiyaclı müsəmanın payı.
Bu bayramın əsas məqsədi heyvan kəsib ətindən yemək deyil. Uca Allah bu bayramın mahiyyətinə işarət edərək buyurur:
“Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə, Onu uca tutasınız deyə, bu (heyvanları) sizə beləcə ram etdi. (Sən isə) yaxşılıq edənləri müjdələ!” - Həcc surəsi 37-ci ayə.
Bu il müqəddəs Qurban bayramı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının verdiyi fətvaya uyğun olaraq 22 və 23 Avqustda qeyd ediləcək.
Allah kəsilən qurbanları, edilən ibadət və dualları qəbul etsin, bayramınız mübarək olsun!