Bakının daşınmaz əmlak bazarında vəziyyət necədir? | Banco.az

Bakının daşınmaz əmlak bazarında vəziyyət necədir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Hər il yay aylarında mənzil bazarında əsas tələb ənənəvi olaraq həyət evlərinə və torpaq sahələrinə olur. Torpaq sahələrini alanlar isə yay aylarında orada daha çox həyət və bağ evləri tikirlər. Çoxmənzilli bina evlərində isə satışlar digər aylara nisbətən ləng olur".

Bunu Banco.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib.

Ekspert hazırda paytaxtın mənzil bazarındakı vəziyyəti şərh edərkən qeyd edib ki,  son illər, xüsusilə ötən il satılan mənzillərin çoxu kreditlə, ipoteka şərtləri ilə satılıb: "Bu şərtlər isə yalnız çıxarışlı mənzillərə şamil oluna bilir. Azərbaycanda, əsasən də Bakıda və Abşeron ərazisində həyət evlərinin çox böyük hissəsinin çıxarışı yoxdur. Çıxarışı olmadığı üçün də bu əmlaklar kredit şərtləri ilə satıla bilmir. Buna görə də satış daha azdır.

Bu gün mərkəzə yaxın ərazilərdə fərdi həyət evlərinin tikintisi üçün torpaq sahələri az qalıb. Qiymətlər isə kəskin bahadır".

E. Fərzəliyevin sözlərinə görə, aylar əvvəl Türkiyədə və bir müddət əvvəl Xəzərin şimal hissəsində baş verən zəlzələ səbəbilə həyət evlərinə maraq artıb: "İnsanlar buna görə, həyət evlərini almaq istəsələr də çıxarışı olmadığı üçün tərəddüd edirlər. Bakının mərkəzi və mərkəzə yaxın ərazilərində fərdi həyət evlərində ibarət olan yaşayış massivləri var ki, oların da satış qiyməti bahadır. Bu baxımdan hazırda əmlak bazarında nisbi sakitlikdir.

Əvvəlki aylara nisbətən alıcı qıtlığı müşahidə olunur. Qiymətlərdə isə elə də ciddi dəyişiklik yoxdur. Qiymət artımları demək olar ki, davam edir, xüsusən yeni tikili binarda.

Yeni bina inşa edən şirkətlər artıq torpaq sahəsi alıb, bina tikə bilmirlər. Çünki çoxmənzilli yaşayış binalarının inşası üçün torpaq sahələri məhdud saydadır. Ona görə də daha çox köhnə binaları pilot layihələr əsasında söküb, həmin mənzillərin yerində yeni bina tikirlər. Bina tikilib qurtarana qədər həmin mənzillərdə yaşayan insanlara kirayə pulu ödəyirlər. Daha sonra tikdikləri binadan daha geniş sahəsi olan tam təmirli mənzillər verirlər. Bu da birmənalı olaraq tikinti xərcini artırır. Bu səbəblə də şirkətlər həmin mənzilləri daha baha satmaq məcburiyyətində qalırlar".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram