Bakıda valyutanın “qara bazarı" yox olmaq üzrədir | Banco.az

Bakıda valyutanın “qara bazarı" yox olmaq üzrədir

Azərbaycanda son bir ildə valyuta qıtlığı səbəbindən yaranan “qara bazar” artıq yox olmaq üzrədir.

Bunun əsas səbəbləri valyuta bazarında yaranan bolluq və kommersiya banklarının spred, yəni valyuta alış-satışı arasındakı fərqi azaltması amilləri ilə bağlıdır.

Yaxın günlərdə bankların alış-satış məzənnələri arasında fərqi 1 qəpiyə qədər endirəcəyi ehtimal edilir. Bunun üçün mütəşəkkil bazar valyuta ilə tam təmin edilməlidir.

Analitik qrup hesab edir ki, AMB-nin qarşısında duran əsas vəzifə ölkəyə idxal həcminin bir qədər azaldaraq tədiyyə balansında tarazlığa nail olmaqdır: “Bunun üçün Azərbaycanın 2017-ci ildə idxal həcminin 7-7,5 mlrd. dollara, yəni 2016-cı illə müqayisədə orta hesabla 15% azaldılması lazımdır. Bunun üçün Azərbaycanda dolların məzənnəsinin 2,00 AZN/USD-yə yaxınlaşdırılması və bir qədər sərt monetar siyasətin həyata keçirilməsi kifayətdir. Lakin bunun iqtisadi artım tempini yavaşladacağı da qeyd olunmalıdır”.

Ən sərfəli kredit üçün müraciət et

Analitiklərin fikrincə, idxalın ÜDM-in artımında payı azaldılaraq, bu kəsir turizm sektorunun inkişafı ilə kompensasiya olunacaq: “Qeyd edək ki, idxalın azaldılması baş tutsa belə, valyuta bazarı hər hərracda 50 mln. dollar vəsaitlə təmin edilməlidir. Belə ki, ildə 52 həftə və hər həftə 3 hərrac keçirilir. Bu da öz növbəsində sadə hesablamalarla 150-ə yaxın hərrac deməkdir. İdxalın azalmadan sonra 7,5 mlrd. dollara düşəcəyini ehtimal etsək, hər həraca 50 mln. dollar çıxarılması zərurəti yaranır. Yanvar-fevral ayları bir qədər iqtisadi fəallıq baxımından bir qədər zəif dövr olduğuna görə, mart ayından etibarən maliyyə bazarlarını izləmək daha maraqlı olacaq”.

©Report.az