Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Bildiyimiz kimi, Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq.
Banco.az-ın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, mövcud metro nəqliyyatı sistemi yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək.
Paytaxtda tramvay və troleybusların bərpasının üstünlükləri barədə Banco.az-a açıqlama verən nəqliyyat eksperti Rövşən Həsənov bildirib ki, layihə reallaşarsa sərninşindaşımada vaxt itkisi problemi aradan qalxa bilər:
“Bu sərnişindaşıma vasitəsi ekoloji nöqteyi-nəzərdən bir çox üstünlüklərə malikdir. Hesab edirəm ki, Bakı şəhərinin Baş planı çərçivəsində tramvay və metrobuslar üçün də müəyyən yol ayrılacaq. Həmin yola digər nəqliyyat vasitələrinin girişi qadağan olunacaq. Bu da şəhərdəki nəqliyyat sıxlığının aradan qalxmasına kömək edə bilər. Eyni zamanda A nöqtəsindən B nöqtəsinə sərnişinlərin həm tez, həm də rahat, təhlükəsiz formada çatmağını təmin edəcək. Təklifin reallaşması üçün sovet dövründən qalan yol sistemindəki problemlər aradan qaldırılmalıdır. Daha sonra tramvayların bərpası mümkün olacaq. Bunun üçün də kifayət qədər vaxt zaman və güc tələb olunur”.
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakıda tramvay xəttinin yaradılması üçün müxtəlif variantlar üzərində çalışırlar. "Böyük Bakının regional inkişaf planı”nda artıq bu məsələ öz əksini tapıb. 2030-cu ilədək həyata keçiriləcək layihə Bakı şəhərində bir sıra istehsal sahələrinin də inkişafına təkan verəcək.
Məlumat üçün bildirək ki, 2027-ci ilə qədər tramvay sisteminin Bakı Dəmiryolu vağzalı ilə (mərkəzi nəqliyyat qovşağı) əlaqələndirilməsi üçün layihə artıq ictimaiyyətə təqdim olunub.
Buna baxmayaraq, gələcəkdə də fərdi minik avtomobillər nəqliyyat sistemində mühüm paya sahib olmağa davam edəcəyi proqnozlaşdırılır. Bu, eyni zamanda şəhərin küçə-yol şəbəkəsi sisteminin yenidən qurulmasını zəruri edəcək. Növbəti mərhələlərdə təkmilləşdirmə tədbirləri yalnız yolların genişləndirilməsi deyil, mövcud sistemlərdən səmərəli istifadəni də nəzərdə tutacaq.