Bakıda obyekt icarə vermək investisiya olaraq sərfəlidirmi? | Banco.az

Bakıda obyekt icarə vermək investisiya olaraq sərfəlidirmi?

"Daşınmaz əmlakın kirayə və ya icarəyə verilməsi istənilən dövrdə sərfəlidir. Əgər obyekt mənzildirsə, kirayə verilir, qeyri-yaşayış obyektidirsə, icarəyə verilir. Hər iki halda əldə olunan gəlir əlavə gəlir sayılır. Qiymətlərin hər ay artması illik artımın formalaşmasına səbəb olur ki, bu da bazarda yeni qiymətlərin yaranması və investisiya cəlbediciliyinin artması deməkdir".

Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc  Banco.az-a açıqlamasında deyib.

"Hazırda ən çox tələb olunan sahə mənzillərin kirayəsidir. İcarədə isə daha çox marketlər, apteklər və kafelər üstünlük təşkil edir. Kirayə tələbi əvvəlki illərlə müqayisədə daha yüksəkdir və obyekt sahibləri bunu nəzərə almalıdır.

Hal-hazırda illik gəlirlilik təxminən 10% civarındadır. Xərclər nəzərə alındıqda isə bu göstərici 5–7%-ə düşür. Mənzillərdə investisiyanın geri dönüş müddəti təxminən 21 ildir. Qeyri-yaşayış obyektlərində isə bu müddət yerləşmədən asılı olaraq 18–25 il arasında dəyişir".

V. Orucun sözlərinə görə, obyektlərin icarəyə verilməsi o halda daha sərfəlidir ki, əsas yola baxan, yol kənarında yerləşən, perspektivli və inkişaf edən ərazidə olsun, söküntü zonasına düşməsin və infrastruktura yaxın yerləşsin: "Eyni zamanda obyektin müvafiq hüquqi sənədləri olmalıdır ki, sahibkar onu rahat şəkildə icarəyə verə bilsin.

Ümumilikdə, daşınmaz əmlak hazırda investisiya baxımından ən cəlbedici istiqamətlərdən biri hesab olunur. Digər investisiya alətlərinin kifayət qədər inkişaf etmədiyi şəraitdə, bu sahə prioritet olaraq qalır".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram