Bakıda FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının fəaliyyətə başlamasına həsr olunmuş seminar keçirilib | Banco.az

Bakıda FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının fəaliyyətə başlamasına həsr olunmuş seminar keçirilib

Bu gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının (FATP) fəaliyyətə başlamasına həsr olunmuş seminar və FATP-ın Rəhbər Komitəsinin ilk iclası keçirilib. Tədbirdə Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Xarici İşlər və İqtisadiyyat nazirlikləri, FAO-nun Azərbaycandakı, eləcə də Avropa və Mərkəzi Asiya üzrə alt-regional ofislərinin nümayəndələri iştirak ediblər.

FAO-dan verilən məlumata görə, tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev FAO ilə yüksələn xətlə inkişaf edən əlaqələrdən məmnunluğunu ifadə edib: “Aqrar sahənin inkişafı ilə əlaqədar dövlət siyasətinin əsas istiqamətləri ərzaq məhsulları üzrə idxaldan asılılığı azaltmaq, ərzaq təhlükəsizliyini gücləndirmək və ixrac potensialını artırmaqla ölkəni əsas ixracatçı ölkələr sırasına gətirməkdir”.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmaköz çıxışında FAO-nun fəaliyyətinin ölkədə həyata keçirilməsi istiqamətində hökumətin göstərdiyi mütəmadi dəstəyə görə təşəkkürünü bildirib və qeyd edib ki, FAO-nun bir sıra regional və beynəlxalq tədbirlərində Azərbaycanda görülən işlər nümunə kimi digər ölkələrə təqdim olunur və ölkə təcrübəsi diqqətlə izlənilir. Bu baxımdan, layihələrin icrasına nəzarət olunmasına və gələcək fəaliyyətlərin planlaşdırılmasına FATP çərçivəsində təsis olunmuş Rəhbər Komitənin böyük töhfə verəcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bundan sonra, FAO-nun beynəlxalq ekspertləri tərəfindən FAO-nun strateji məqsədləri və əməkdaşlıq vasitələri, Mərkəzi Asiyada kənd təsərrüfatının inkişafı, FATP-ın prioritetləri və Əməliyyat Çərçivəsi haqqında təqdimatlar edilib və iştirakçıların sualları məruzəçilər tərəfindən cavablandırılıb.

Tədbirin ikinci hissəsində Rəhbət Komitənin ilk iclası keçirilib, üzvlərin və müşahidəçilərin iştirakı ilə FATP-ın Əməliyyat Çərçivəsi sənədinin layihəsinə dair geniş fikir mübadiləsi aparılıb və konsensus əsasında təsdiq edilib.

Bununla da tədbir işini yekunlaşdırıb. 

Mənbə: Report.az