Bakıda ən ucuz mənzilləri hansı ərazilərdə almaq olar? – Ekspert açıqladı | Banco.az

Bakıda ən ucuz mənzilləri hansı ərazilərdə almaq olar? – Ekspert açıqladı

Müəllif: Gülnar Əhmədli, Banco.az

Son illərdə Azərbaycanda mənzil qiymətlərində müşahidə olunan artım ev sahibi olmaq istəyənlərin qarşısında ciddi çətinliklər yaradıb. Gəlirlərin müəyyən qədər yüksəlməsinə baxmayaraq, əmlak bazarında qiymət artımı daha sürətli baş verdiyi üçün mənzil əlçatanlığı azalıb. Xüsusilə orta və aşağı gəlirli ailələr üçün münasib qiymətə mənzil tapmaq əvvəlki illərlə müqayisədə daha çətinləşib.

Bu vəziyyət fonunda vətəndaşları ən çox maraqlandıran suallardan biri də nisbətən ucuz və əlçatan mənzillərin hansı ərazilərdə yerləşməsidir.

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilov Banco.az-a bildirib ki, “Ən ucuz mənzil haradadır?” sualı bu gün daha çox insanların aylıq gəlirlərinə uyğun olaraq haradan ev ala biləcəkləri kimi başa düşülür:

"Hazırda elə bir dövrə gəlib çatmışıq ki, insanların gəlirləri müəyyən qədər artsa da, bu artımın tempi əmlak qiymətlərinin və digər əmtəələrin qiymət artımı ilə mütənasib deyil. Məsələn, Azərbaycanda ən çox işçinin çalışdığı sahələrdən biri təhsil sektorudur. Əgər 2018-ci ildə bir müəllim repetitorluq fəaliyyəti də daxil olmaqla orta hesabla 900-1000 manat gəlir əldə edirdisə, bu gün həmin gəlir təxminən 1200 manat civarındadır. Lakin həmin şəxs o dövrdə 900 manata ala bildiyi məhsulları bu gün həmin məbləğə əldə edə bilmir. Hətta bəzi hallarda bunun üçün ikiqat vəsait tələb olunur.

Əmlak bazarında da vəziyyət oxşardır. Məsələn, 2017-2018-ci illərdə Xırdalan ərazisində mənzillərin kvadratmetri təxminən 600 manat idisə, bu gün artıq 1500 manat civarındadır. Bakının Nəsimi rayonunda isə həmin dövrdə kvadratmetri 1000-1200 manat olan mənzillərin qiyməti hazırda 4-5 min manata qədər yüksəlib".

İndi isə əsas suala gələk: Nisbətən ucuz mənzilləri harada tapmaq olar?

Ekspert qeyd edib ki, nisbətən münasib qiymətli mənzillər əsasən Bakıətrafı ərazilərdə yerləşir: "Bu ərazilərin böyük hissəsi Abşeron rayonunun payına düşür. Xırdalan artıq əvvəlki qədər ucuz sayılmasa da, Saray, Masazır və Mehdiabad istiqamətlərində hələ də daha sərfəli təkliflər mövcuddur. Xüsusilə Mehdiabadda qiymətlər nisbətən əlçatan olaraq qalır. Bundan başqa, Lökbatan qəsəbəsində, xüsusilə də kənar hissələrdə müəyyən münasib təkliflərə rast gəlmək mümkündür.

Burada vacib məqam yalnız qiymətin aşağı olması deyil. Şərtlər də alıcı üçün uyğun olmalıdır. Məsələn, Mehdiabadda hər hansı MTK mənzilin kvadratmetrini 1200 manata təklif edə bilər. Lakin əgər uzunmüddətli kredit və ya hissə-hissə ödəniş imkanı yoxdursa, yaxud maksimum bir-iki illik müddət təklif olunursa, bu mənzil əksər insanlar üçün əlçatmaz olur. Digər tərəfdən, Xırdalanda kvadratmetri 1500 manat olan mənzil üçün dörd-beş illik ödəniş imkanı yaradılırsa, bu, alıcı üçün daha əlverişli variant sayıla bilər.

Yəni burada əsas məsələ yalnız ucuzluq deyil. Şərtlərin də əlçatan olması, kredit və ödəniş imkanlarının mövcudluğu vacibdir. Xüsusilə də az gəlirli seqmentdən danışırıqsa, nəğd alışlar demək olar ki, mümkün olmur".

Bəs vəziyyəti yaxşılaşdırmaq üçün nə etmək olar?

F. Xəlilovun sözlərinə görə, burada bir yanlış yanaşmadan uzaq durmaq lazımdır: "Bəzən insanlar əmlak qiymətlərinin ucuzlaşmasını arzulayırlar. Halbuki əmlak qiymətləri adətən iqtisadi böhran yaşayan, iqtisadiyyatı zəifləyən ölkələrdə ciddi şəkildə aşağı düşür. Məncə, bizim arzulamalı olduğumuz məsələ qiymətlərin ucuzlaşması deyil, bazarın çeşidləndirilməsidir.

Şəhər mərkəzində 1-2 milyon manatlıq premium və lüks mənzillərin olması normaldır. Ancaq bununla yanaşı, 35 min manatdan 100 min manata qədər olan, kütləvi şəkildə tikilən və uzunmüddətli kredit imkanları təqdim edilən mənzillər də olmalıdır. Məsələn, Qaradağ rayonu kimi ərazilərdə belə layihələrin sayı artırıla bilər.

Məsələ ondan ibarət deyil ki, hər kəs Nərimanov və ya Səbail rayonunun mərkəzində yaşamalıdır. Söhbət ondan gedir ki, az gəlirli insanların da ala biləcəyi, büdcələrinə uyğun mənzillər bazarda kifayət qədər olsun. Məncə, bu istiqamətdə addımlar atılmalı və bazarda daha geniş çeşidləndirmə təmin edilməlidir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram