Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Son illərdə Bakıda mənzil bazarında kəskin qiymət artımları müşahidə edilir. 2024-cü ilin ilkin statistik göstəricilərinə əsasən, yeni tikilən mənzillərin qiyməti 11,3%, köhnə mənzillərin qiyməti isə 9,8% yüksəlib.
Ümumilikdə, ötən il təkrar mənzil bazarında yeni tikililərin qiymətində 12,3%-lik bahalaşma qeydə alınıb.
Bu barədə açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Banco.az-a bildirib ki, torpaq bazarındakı bahalaşma və ipoteka kreditlərinin verilməsi həm yeni, həm də köhnə mənzillərin qiymət artımına səbəb olan əsas amillərdir.
“Tikinti materialları bazarında gözlənilən qiymət artımı da mənzillərin bahalaşmasını qaçılmaz edəcək. Bundan başqa, inflyasiya və köhnə yaşayış binalarının sökülməsi prosesi də mənzillərin qiymətinə təsirsiz ötüşməyəcək.
Hazırda Bakının müxtəlif rayonlarında mənzillərin 1 kvadrat metrinin qiymətləri böyük fərqlər göstərir. Şəhərdə ən yüksək qiymətlər "Port Baku" yaşayış kompleksində müşahidə olunur. Burada mənzillərin 1 kvadrat metrinə görə maksimum qiymət 8150 manat, minimum qiymət isə 5764 manatdır. Bahalığa görə ikinci yerdə Bakı Ağ Şəhər gəlir. Bu ərazidə mənzillərin kvadrat metr qiyməti 2440-6120 manat arasında dəyişir. Nəsimi rayonu isə 2580-5610 manat qiymət aralığı ilə üçüncü yerdə qərarlaşır”.
Bəs Bakıda ən ucuz mənzillər hansı ərazidədir?
Bu suala cavab olaraq ekspert bildirib ki, Pirallahı rayonunda yerləşən mənzillərin qiymətləri daha münasibdir:
“Burada evlərin 1 kvadrat metrinin qiyməti 820-1316 manat arasında dəyişir. Araşdırmalar həmçinin göstərir ki, metro stansiyaların olmadığı Sabunçu rayonunda mənzil qiymətləri bəzi metroya yaxın ərazilərdən daha yüksəkdir. Xüsusilə, Bakıxanov qəsəbəsində bahalı daşınmaz əmlak, inkişaf etmiş infrastruktur, daha yaxşı hesab edilən hava şəraiti və yaşıllıqlar bu tendensiyanın səbəbləri arasında göstərilir”.
Vüqar Oruc qeyd edib ki, bina tikintisinə yararlı torpaq sahələrinin getdikcə azalması qiymətlərin artmasını şərtləndirir".
“Bu faktor yeni tikililərdəki mənzillərin bahalaşmasını qaçılmaz edir. Yeni mənzillər bahalaşdıqca, təbii olaraq, köhnə binalardakı mənzillərin də qiymətləri artır.Ümumilikdə, Bakı şəhərində mənzil bazarındakı qiymət artımları bir sıra amillərlə izah olunur və bu tendensiyanın yaxın gələcəkdə də davam edəcəyi proqnozlaşdırılır”.