Bu gün Bakıda Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının III iclası çərçivəsində Azərbaycan-Estoniya biznes-forumu keçirilib.
"Report"un xəbərinə götə, sözügedən forum İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə baş tutub.
Burada iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən yerli və Estoniya şirkətləri iştirak edib.
Forumda çıxış edən Fondun rəhbəri Rüfət Məmmədov bildirib ki, Azərbaycan Estoniya ilə ticarət əlaqələrinin inkişafında maraqlıdır. Onun sözlərinə görə, iki ölkə arasında həm iqtisadi, həm ticari, həm də siyasi əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var: "Lakin bu əlaqələr özünü raal göstəricilərdə əks etdirmir. Belə ki, ötən il Azərbaycanla Estoniya arasında ticarət dövriyyəsi təxminən 3 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Estoniyaya qarşılıqlı məhsul ixracında maraqlıdır. Hər iki ölkənin müsbət cəhəti ondan ibarətdir ki, bizim biznes şirkətlərinin iş səviyyəsi olduqca yüksəkdir. Azərbaycan bir çox sahələrdə Estoniya ilə əlaqələri genişləndirmək niyyətindədir. Azərbaycan şirkətlərinin Estoniyada fəaliyyətinin artırmasını çox istərdik. Ümid edirik ki, Estoniya hökuməti bunun üçün bizim biznes dairələri və sahibkarlara lazımi dəstəyi göstərəcək. Azərbaycan hökuməti bütün xarici ölkələrlə yanaşı, Estoniya şirkətləri və sahibkarlarının da ölkədə fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradıb. Bu gün burada iştirak edən Estoniya şirkətlərini bu imkanlardan yararlanmağa dəvət edirəm".
Estoniya İqtisadiyyat və Kommunikasiyalar Nazirliyi iqtisadi inkişaf şöbəsinin rəhbəri Kaupo Reyede qeyd edib ki, Estoniya Azərbaycan hökumətini və onun həyata keçirdiyi iqtisadi islahatları hər zaman dəstəkləyib: "Biz Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsində maraqlıyıq. İnanıram ki, bugünkü forumun nəticəsi olaraq Azərbaycanla Estoniya arasında ticarət əlaqələri daha da inkişaf edəcək. Burada olan həm Azərbaycan, həm də Estoniya şirkətləri onlar üçün yaradılan bu imkanlardan istifadə edə biləcəklər. Şirkətlərin hər hansı bir sahədə əməkdaşlıq etməsi, yeni layihələrin yaranması və həyata keçirilməsi iki ölkə arasında iqtisadi əməkdaşlığı daha da gücləndirəcək".
Mənbə Report