“Bank Sığorta” ASC-nin Direktorlar Şurasının (DŞ) üzvü Xədicə Mirzəağa qızı Həsənova vəzifəsindən kənarlaşdırılıb.
Bu barədə şirkətə istinadən xəbər verilir.
Onun yerinə hələ ki, təyinat (seçim) olmayıb.
Qeyd edək ki, X.Həsənova yaxın vaxtlara qədər “Bakı Sığorta”nın əsas səhmdarı olan “Bank Respublika” ASC-nin İdarə Heyətinin (İH) sədri olub. Bu ilin yanvar ayında isə o, Bankın rəhbərliyindən gedib (Asəf Namazovla əvəzlənib). Buna görə də, xanım Həsənova avtomatik olaraq sığorta şirkətindəki vəzifəsindən də uzaqlaşdırılıb.
Bundan başqa, “Bakı Sığorta”nın Təftiş Komissiyasına (TK) rəhbərlik edən Aqşin Zəkəray oğlu Əmirov da vəzifəsindən azad edilib. O da yaxın vaxtlara qədər “Bank Respublika”da İH sədrinin müavini olub və hazırda “Azərbaycan Beynəlxalq Bankı” ASC-də eyni vəzifəni tutur. Buna görə də A.Əmirov sığorta şirkətindəki vəzifəsindən də uzaqlaşmalı olub. Hazırda “Bakı Sığorta”da TK sədri vəzifəsi vakantdır.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8 925 444 manatdır. Şirkətin səhmlərinin 57,9785%-i “Bank Respublika” ASC-yə, hər biri 9,375% olmaqla "Diamond Motors", "Subaru Azerbaijan" və "Yeni Motor" MMC-lərə, 6,9653%-i Murad Arif oğlu Rəhimova (DŞ-nın üzvü), 6,9312%-i Behbud Çingiz oğlu Nəcəfova məxsusdur.
Mənbə: Report.az