Bakı Enerji Həftəsi start götürüb | Banco.az

Bakı Enerji Həftəsi start götürüb

Bu gün Bakı Ekspo Mərkəzində Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.

Daha sonra ABŞ Dövlət Katibinin Enerji Ehtiyatları üzrə köməkçisi cənab Cefri Pyatt Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Cozef Baydenin məktubunu və Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson Böyük Britaniyanın Baş naziri cənab Rişi Sunakın məktubunu səsləndirib. Eləcə də, Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiyası üzrə direktoru xanım Kristina Lobillo Borrero Açılış Mərasimində çıxış edib.

Çıxışlar bitdikdən sonra iştirakçılar və qonaqlar VIP turda iştirak ediblər.   

31 may-3 iyun tarixlərində Bakı şəhəri üç mötəbər tədbiri bir ad altında birləşdirən Bakı Enerji Həftəsinə ev sahibliyi edir. Tədbir çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 28-ci Bakı Enerji Forumu keçiriləcək. “Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində keçirilir.

Bakı Enerji Həftəsinə Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) rəsmi dəstək göstərir.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə 38 ölkədən 331 şirkət iştirakını təsdiq etmişdir. Tədbirdə təmsil olunan ölkələr Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Avrstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çin, Əlcəzair, Filippin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə, Vyetnam və Yaponiyadır.

Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. 1994-cü ildə, sərgilər elə ilk təşkil edildiyi gündən Ümummilli Lider tərəfindən dəstəklənmişdir. Bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu əlamətdar hadisə təqvimdə olan bütün sərgilərin proqramlarında da öz əksini tapacaq. Bakı Enerji Həftəsinin təşkilatçıları və iştirakçıları Azərbaycanın sərgi sənayesinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin rolunu heç vaxt unutmur və xatirəsini dərin ehtiramla yad edirlər. Bu məqsədlə, Bakı Enerji Həftəsi çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş poçt markası buraxılmışdır. Tədbir çərçivəsində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş stend də nümayiş olunacaq.

Ənənəvi olaraq, bu il də Bakı Enerji Həftəsində yüksək rütbəli qonaqların iştirak edir.

Tədbirin bir çox dünya ölkələrindən olan şirkətləri, yüksək səviyyəli qonaqları, dövlət xadimlərini və beynəlxalq enerji ekspertlərini Bakıya toplaması təsadüfi deyil. Azərbaycan paytaxtı artıq bir müddətdir ki, nüfuzlu tədbirlərin təşkil edildiyi və mühüm qərarların və əməkdaşlıqların müzakirə edildiyi məkana çevrilib. Bundan əlavə Azərbaycanın enerji sahəsində həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz artıq enerji sektorunda öz sözünü demişdir. Bu gün Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Bakı Enerji Həftəsinin nüfuzunu və yüksək statusunu onun sponsorlarının genişlənən tərkibi də təsdiqləyir. Baş sponsoru SOCAR olan Bakı Enerji Həftəsinin sponsorları: Abu Dhabi Port, ACWA Power, Ansaldo Energia, AZEL SYSTEMS, Azeri M-I Drilling Fluids, AZFEN, Baku Steel Company, bp, Caspian Drilling Company, Caspian Marine Services, Equinor, EP Absheron, Intertek, Global Energy Azerbaijan, GL, Inpex, KOLIN Construction, MASDAR, Tekfen, Total Energies, Turkish Petroleum, Uniper, Ural Steel şirkətləridir. Bakı Enerji Forumunun intellektual tərəfdaşı qismində Boston Consulting Group çıxış edir. BMW brendini təmsil edən Improtex Motors şirkəti isə forumda yeni elektrik avtomobil modelini təqdim edir.

“Caspian Oil&Gas” sərgisi artıq 27 ildir ki, neft, qaz və enerji sektorunda əhəmiyyətli əməkdaşlıqlar üçün bir platformaya çevrilib. Hər il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı isə sərginin yüksək statusunu bir daha təsdiqləyir. Uzun illər uğurla təşkil edilən sərgiyə ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrin birinci şəxsləri öz təbrik məktubları göndərilər. Ənənəvi olaraq Bakı Enerji Həftəsində yüksək rütbəli qonaqlar iştirak edir.

Xəzər regionunun əsas neft-qaz layihələri və regionda enerji təhlükəsizliyi “Caspian Oil&Gas” Sərgisində müzakirə olunacaq. Sərginin əhatə etdiyi mühüm mövzulara neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, boru kəmərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, neft/qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar, maliyyə və hüquqi xidmətlər, kimya sənayesi və s. daxildir.

“Caspian Oil&Gas” sərgisi ilə eyni tarixlərdə təşkil edilən digər tədbir isə Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” Sərgisidir. Sərgi gündəmində beynəlxalq və yerli şirkətlərin energetika və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər əks olunur. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər mövzular müzakirə olunacaqdır. Sərgi günlərində bir sıra tədbirlər keçiriləcək.

Sərgi çərçivəsində mətbuat pavilyonu da fəaliyyət göstərir. Burada neft-qaz sahəsində ixtisaslaşan bir neçə tanınmış nəşriyyatlar, jurnallar, qəzetlər və informasiya agentlikləri, o cümlədən internet portallar nümayiş olunur. Artıq 7 ölkədən yayım və media sektorunda çalışan şirkətlər bu tədbirə informasiya dəstəyi verirlər. Onların arasında İspaniyanın “ROGTEC”, Rusiyanın “Avtomatizatsiya i İT v neftegazovoyotrasli”, “Neft i Kapital” və “Bureniye I Neft”, Qazaxıstanın “Petroleum” və “Kazservis”, Özbəkistanın “Bright Uzbekistan” və “Top Biznes”, Türkiyənin “Hizmetix”; Böyük Britaniyanın “Petrol Plaza” və “Enerji Monitor”, İtaliyanın “Corrosion Protection”, Azərbaycanın “Azərbaycan Neft Təsərrüfatı”, “Caspian Energy”, “Azərtac”, “1News”, “ABC.az”, “APA Group”“Renewables.az” və “Caspian Barrel” media şirkətlərini sadalamaq olar.

Ən sərfəli kredit üçün müraciət et

Yaz sərgi mövsümünə Bakı Enerji Forumu ilə yekun vurulacaqdır. Forumda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri müzakirə olunacaqdır. Ənənəvi olaraq forumda 600-dən çox nümayəndə iştirak edəcək. Tədbir zamanı keçid dövründə qlobal enerji təhlükəsizliyi, Azərbaycanın enerji sektorunun Avropanın enerji təhlükəsizliyi və enerji balansında rolu və s. daxil olmaqla keçid dövründə yeni enerji şərtləri ilə bağlı müzakirələr aparılacaq. Yeni qlobal enerji nizamının inkişaf ssenarilərinə həsr olunmuş dəyirmi masada qlobal enerji keçidi prosesi, enerji böhranı zamanı enerji keçidinin sürətləndirilməsi yolları kimi mövzular müzakirə olunacaq. Bundan əlavə, tədbirdə diqqət mərkəzində Xəzər regionunun bərpa olunan enerji mənbələri və potensialı, onlardan istifadə imkanları, bərpa olunan enerji mənbələrinin infrastrukturunun inkişafı, yaşıl enerji sahəsində layihələrin həyata keçirilməsi olacaqdır.

Bakı Enerji Forumunda qaldırılacaq mühüm mövzular sırasına xalis sıfır emissiya, “Zero Waste” (Sıfır Tullantı) proqramı da daxil edilmişdir. Tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan “Zero Waste” proqramı həm də ilk dəfə olaraq forum çərçivəsində tətbiq olunacaq. Bu məqsədlə, tədbir zamanı çap vasitələrindən istifadə minimuma endirilərək, elektron vasitələrə üstünlük veriləcək və beynəlxalq “Zero Food Waste” təşəbbüsünə əsasən qidadan optimal istifadə prinsipi tətbiq olunacaq. Tədbirin keçiriləcəyi Bakı Konqres Mərkəzi də ekoloji konseptdə inşa edilib. Mərkəzdə quraşdırılmış günəş enerjisi panelləri vasitəsilə enerji istifadəsinə sərf olunan xərclərə qənaət edilir.

Bakı Enerji Həftəsi mühüm tərəfdaşlıqların formalaşdığı bir platforma rolunu oynayır. Bu il də tədbir çərçivəsində yeni əməkdaşlıqlara imza atılacağı gözlənilir. Belə ki, tədbirin 3-cü günü Bakı Konqres Mərkəzində “4sım”, “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanacaq.

Ənənəvi olaraq, sərgilər çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B) keçiriləcək. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər.

“CaspianOil&Gas” sərgisi çərçivəsində bir sıra sessiyalar və panel müzakirələri də baş tutacaqdır. Sərgi günlərində "Neft və Qaz Sənayesində Rəqəmsallaşma və Avtomatlaşdırma sahəsində innovasiyalar", “Gələcəyə Qayıdış: Köhnə quyuların istismarı, bərpası və reabilitasiyası”,“Neft və qaz quyularının qazılmasının yeni üsulları”, "Kiçik və orta biznesın neft və qaz şirkətlərini təmin etməyi imkanları", eləcə də "Women in Power" adlı panel müzakirəsi keçiriləcəkdir. Sessiya və panel müzakirələrinin keçirildiyi təqdimat zonasının sponsoru “KOLIN Construction” şirkətidir.

Bundan başqa, Bakı Enerji Forumu çərçivəsində “Mini Boss” məktəbinin tələbələrinin “Econotes” adlı startapı nümayiş olunacaq. Startapın ideyası baş tərəfində toxum olan qələmlərdir. Startapın yaradıcıları olan uşaqlar bununla bağlı bildiriblər ki, “Econotes” Azərbaycanda ekoloji cəhətdən təmiz materiallardan hazırlanmış qələmdir. “Baş tərəfinə içində toxum olan kapsullar yapışdırılmış qələm ölçüsündə kiçildikdən sonra onu cücərməsi üçün dibçəyə əkmək lazmıdır.” Forumda iştirak edən nümayəndələrə də bu qələm təqdim olunacaq.

Bu il təşkil olunan Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanın Naxçıvan şəhərində mühüm mövzuları əhatə edən sessiyalar keçiriləcək. Belə ki, "Heydər Əliyev ili" kontekstində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiya şəhərin tarixi əhəmiyyətini əks etdirəcəkdir. Bundan başqa, dövlət səviyyəsində Naxçıvanı yaşıl enerji zonasına çevirmək planlaşdırılır. Ölkə başçısı İlham Əliyev bir müddət öncə bildirib ki, Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur, eləcə də günəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımların atılması gözlənilir. Bununla əlaqədar olaraq, “Naxçıvan və Şərqi Zəngəzurun bərpa olunan enerji potensialı’’ mövzusunda sessiya təşkil edilməsi böyük əhəmiyyət kəsb edir. Naxçıvanda şəhərində keçiriləcək tədbir çərçivəsində panel iclaslarından əlavə olaraq mədəni proqram – Naxçıvan şəhər turu və konsert proqram dabaş tutacaq.

Tədbirin təşkilatçısı Iteca Caspian, Caspian Event Oraganisers şirkətləri və onların beynəlxalq tərəfdaşları - ICA Events, CEM FZ LLC şirkətləridir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et