Bahalı kofe satan Starbucks dünyada 25 min mağazasını necə açıb? | Banco.az

Bahalı kofe satan Starbucks dünyada 25 min mağazasını necə açıb?

Dünyanın ən böyük kofe mağazaları şəbəkəsi olan Starbucks bu il açdığı mağazalarla birlikdə ümumi mağazalarının sayını 25 331-ə çatdırıb. (Loxcel.com, 2 fevral 2017). Təsəvvür edin, 25 min mağaza! Bakıda Starbucks’ın 4 mağazası fəaliyyət göstərir, kofelərin qiyməti 5-6 manatdır və təbii olaraq hər kəsin getməyəcəyi və ya adamın hər gün getməyəcəyi bir yer təəssüratı yaradır. Bunun fonunda 25 mindən çox mağazanı necə açdığını təsəvvür etməkdə çətinlik çəkirdim. Nyu York Aeroportuna enənədək…

Nyu York aeroportunda yarım litrlik qazsız su aldım – 3 dollar. Daha sonra Nyu Yorkda Startbucks’dan kofe aldım – 3 dollar. Onda anladım ki, ABŞ-da, Starbucks kofe su qiymətinə imiş, sözün hər iki mənasında. Yəni Starbucks elit, bahalı kofe məkanı yox, əslində normal qiymətə kofe təklif edən məkandır. Ona görə də rahatlıqla şəbəkəsini genişləndirə bilir (Əslində şəhərdə suyun qiyməti aeroporta nisbətdə ucuzdur, amma yenə də bizim qiymətlərlə müqasiyə etdikcə böyük fərq ortaya çıxır).

Üstəgəl, dünyanın istənilən yerində Starbucks mağazasına daxil olub, saatlarda otursanız belə, heç kim sizə bir söz deyə bilməz. Hətta Starbucksdan kofe almasanız belə. Hətta rəqib kofe mağazasından kofe alıb, gəlib Starbucksda otursanız belə.

Ən sərfəli kredit üçün müraciət et

Üstəgəl, Starbucks mağazalarında pulsuz WiFi olması ora gəliş-gedişi artıran əlavə səbəblərdəndir.

P.s. Nyu York-da olduğum müddətdə Stabucks mağazalarından əsasən ayaqyolu və internet üçün istifadə etdim :)

Nyu York’da, xüsusən Manhattan’da Starbucks mağazaları o qədər sıx yerləşib ki, küçəyə çıxıb sağa baxdıqda bir Starbucks loqosu, sola baxdıqda digər Starbucks loqosu görə bilirsən.

Yuxarıda sadaladıqlarım səbəblər və təbii ki, uğurlu qurulmuş marketinq və PR fəaliyyəti nəticəsində Starbucks mağaza sayını sürətlə artırmağa davam edir. ABŞ-da 14 minə yaxın mağazası var, 11 min mağazası isə ABŞ xaricindədir (Çin – 2 400, Kanada – 1 400, Yaponiya – 1 200, C. Koreya – 950, B. Britaniya – 900 və s. ) Hazırda bu şəbəkədə ümumilikdə 240 minə yaxın adam çalışır.

Müəllif: Orxan Rzayev / http://bit.ly/2kNgNbD