Bağlanan bankların kredit borcları silinirmi? - AÇIQLAMA | Banco.az

Bağlanan bankların kredit borcları silinirmi? - AÇIQLAMA

Müasir dövrdə banklar arasında xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də kreditlərin verilmə posedurudur. Hazırda müxtəlif banklar bir-biriylə rəqabət apararaq fərqli kredit siyasətləri tətbiq edirlər. Məqsəd isə eyni mahiyyət daşıyır: Banka müraciət edən müştərilərinin məmnunluğunu qorumaq şərtiylə müəyyən məbləğdə borc verilən pul vəsaitlərinin daha da çoxalmasına nail olmaq.

Bank və müştəri arasında müqavilə imzalanır ki, müştəri  bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilməsi, təminantlı və ya təminantsız olması şərtlərini qəbul etmiş olur.

Bəs kredit verən bank sonradan bağlanarsa həmin kredit borclarının sonrakı aqibəti necə olur? Bu borclar ödənəcəkmi ? Silinəcəkmi və ya bağlanacaqmı ?

Sözügedən məsələylə bağlı hüquqşünas Rövşən Qasımov Banco.az-a açıqlama verib.

“Gündəmdə olan bu suala müxtəlif fikirlər gəlsə də, ümumi nəticə bundan ibarətdir ki, borclu vətəndaşlar kreditlərini müvəkkil banklara köhnə qaydada ödəməlidirlər. Bağlanmış bankların kreditorları öz borclarını kreditlərinin olduğu bankın baş ofislərinə yaxınlaşaraq ödəyə bilərlər. Ləğv edilmiş banklardan kredit götürənlər borcunu əvvəlki qaydada qaytaracaq. Bank müştərilərin razılığı olmadan kreditin müqavilə şərtlərini dəyişə bilməz və borcluları da buna məcbur edilə bilməzlər: Banka olan kreditlər bankın aktividir, yəni əmlakıdır. Bankın borcları həmin aktivlər hesabına ödənilməlidir. Bu aktivləri ləğvetmə komissiyası idarə edəcək. Bir qayda olaraq, başqa banklara satacaq. Borc alan da artıq yeni banka borclu olacaq. Lakin kredit müqaviləsini bağladığı ilkin şərtlər keçərli sayılacaq. Kredit satılanadək isə borc alan krediti ləğvetmə komissiyasına ödəyəcək. Ləğv edilmiş bankların bütün filiallarının qapıları bağlıdır. Müştərilər yalnız mərkəzi ofislərə gedərək kredit ödəyə bilirlər. Ləğv prosesində olan bankların müştərilərinə kredit borclarını “ASAN ödəniş” sistemi vastəsi ilə “ASAN ödəniş” terminallarında nağd formada və asanpay.az portalı vasitəsi ilə nağdsız qaydada odəmə imkanları var. Onlayn ödəmə imkanından yararlanmaq üçün ləğv prosesində olan banklara kredit borcu olan müştərilər www.asanpay.az saytından və ya Fondun rəsmi www.adif.az saytındakı “Kreditlərin online ödənişi” səhifəsinə daxil olmaqla “ASAN ödəniş” sisteminə keçid ala bilərlər. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın icrasının təmin edilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələri qəbul edilir. Vətəndaşların bağlanmış banklara olan borcu ləğv edilmir , silinmir və bağışlanmır.”

Ən sərfəli kredit üçün müraciət et

Aida İSAQ, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et