Bu ilin yanvar-iyul yalarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi üzrə 3 663,9 min ton neft hasil edilib.
Birlikdən "Report"a verilən məlumata görə, bu dövrdə nəzərdə tutulan proqnoz tapşırıqlara əməl olunub.
Qeyd olunub ki, cari ilin yanvar-iyul ayları ərzində qaz hasilatı sahəsindəki göstəricilərdə də artım tempi müşahidə olunub. 2016-cı ilin müvafiq dövrü ərzində 3,2 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, bu rəqəm 3,3 mlrd.kubmetrə bərabər olub. Plan 102,1% yerinə yetirilib.
Məlumata görə, bu dövrdə çoxsaylı qazma işləri həyata keçirilib, yeni-yeni neft və qaz quyuları istismara verilib. Qazma işlərinin həcminin genişləndirilməsi nəticəsində, ilin 7 ayı ərzində “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında 32 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 43,8 min ton neft hasil edilib.
Ötən 7 ayda fəaliyyətsiz quyu fondundan 45 quyu nəzərdə tutulduğu halda 67 quyu istismara qaytarılıb. Bu quyulardan 10,2 min ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 25,3 min ton neft alınub ki, bu da plandan 15,1min ton çoxdur.
İlin əvvəlindən 370 geoloji tədbir keçirilib, nəticədə 95,4 min ton neft hasil edilib ki, bu da plana qarşı 25 tədbir çox və 14,3 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 24,4 min ton plana qarşı 31,1 min ton neft hasil edilib.