"Azəriqaz"dan limit ilə bağlı AÇIQLAMA: "Yenilənmədən sonra..." | Banco.az

"Azəriqaz"dan limit ilə bağlı AÇIQLAMA: "Yenilənmədən sonra..."

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Ölkədə qaz limitlərinin yenilənməsi sayğac növləri üzrə müxtəlif qaydada həyata keçirilir.

Smart kart tipli sayğaclarda bu, müvafiq proqram əsasında avtomatik qaydada tənzimlənir. İl ərzində 2500 və ondan daha artıq mavi yanacaq işlədən abonentlərin qaz limiti dekabrın 31-dən yanvarın 1-ə keçən gecədən yenilənir. Yəni smart kart tipli sayğaclardan istifadə edən abonentlərin yanvarın ilk günlərində ödədikləri vəsaitlər yeni tariflərlə hesablanır.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi də məsələyə aydınlıq gətirib.

Banco.az xəbər verir ki, Birliyin Qəza çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək açıqlamasında deyib ki, 2024-cü ilə keçidlə bağlı artıq qazdan istifadə limitlərinin yenilənməsi tam başa çatıb.

 “Yenilənmə artıq başa çatıb və yenilənmədən sonra sayğac göstəriciləri qeydə alınıb”, - Xalidə Şimşək qeyd edib.

Məlumat üçün bildirək ki, ölkə üzrə hər bir abonentə üç mərhələ üzrə qaz limiti verilir. Hazırda əhali qrupunun istifadə etdiyi mavi yanacağın 1200 kub metrədək olan hissəsinin qiyməti 12 qəpikdən hesablanır. 1200 kub metrdən -2500 kubmetrədək 20 qəpikdən, 2500 kub metrdən çox olan hissəsi üçün isə 25 qəpikdən hesablanır.

Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

2023-cü ildə Azərbaycanda əhali kateqoriyası üzrə qaz istifadəsi limitini keçməyən, yəni 12 qəpik tarifi ilə istifadə edən abonentlərin sayı 1 milyon 199 min 375 olub ki, bu da ümumi abonentlərin 47,1 faizini təşkil edib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev  qeyd edib ki, 998 min 946 abonent (ümumi abonentlərin 39,3 faizi) 20 qəpik tarifi ilə, 346 min 557 abonent (ümumi abonentlərin 13,6 faizi) 25 qəpik tarifi ilə qazdan istifadə edib. 2022-ci ildə limiti keçməyən abonentlərin sayı təxminən 46 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram