“Uber”in yeni rəhbəri Dara Xosrovşahinin UĞUR YOLU
“Uber”in Direktorlar Şurası 48 yaşlı Dara Xosrovşahini şirkətin yeni baş direktoru seçib.
Oxu.Az xəbər verir ki, o, buna qədər “Expedia” şirkətini idarə edib. Razı olacağı təqdirdə, o, sələfi Trevis Kalanikin şirkət rəhbərliyindən getməsindən sonra 2 ay boş qalan vəzifəni tutacaq.
Dara Xosrovşahi kimdir?
Bütün dünya onu iranlı kimi tanısa da Oxu.az iddia edir ki, Dara Azərbaycanlıdır
"Xosrovşahi 1969-cu ildə İranın Şərqi Azərbaycan vilayətinin Xosrovşah şəhərində, azərbaycanlı ailəsində anadan olub."
Xosrovşahinin 9 yaşı olanda ailəsi ilə birlikdə ABŞ-a köçüb. 1991-ci ildə o, Braun Universitetini bitirib və mühəndislik peşəsinə yiyələnib.
O, ABŞ-da sərmayəçi kimi tanınan Əli və Hadi Partovinin əmisi oğludur. Onun digər ailə üzvləri "Intel", "Google", "Ventures" və "Allen&Co" maliyyə şirkətlərində çalışırlar.
1991-1998-ci ilərdə Xosrovşahi “Allen&Co” maliyyə şirkətində təhlilçi vəzifəsində çalışıb. 2005-ci ildə “Expedia”da baş direktor vəzifəsinə təyin olunanadək o, “USA Networks” telekanalı və “IAC” (bura həm də "HomeAdvisor", "Ask.com", "Tinder", "Vimeo" və digər brendlər aiddir) şirkətlərində idarəçi vəzifələrində işləyib.
Xosrovşahinin artıq 12 ildir başçılıq etdiyi "Expedia" turizm şirkəti 1996-cı ildən mövcuddur. 2003-cü ildən bu servis “İAC” şirkətinin bir hissəsi olub. 2005-ci ildə “Expedia” “İAC”-dan ayrılıb və Xosrovşahi onun başına keçib.
“Hotels.com”, “HomeAway”, “Travelocity”, “Orbitz” və “Trivago” daxil olmaqla, “Expedia”ya 15-dən çox müxtəlif beynəlxalq turizm xidmətləri aiddir.
Əgər şirkət 2005-ci ildə 15 milyard dollarlıq sifariş alıbsa, 2016-cı ildə bu göstərici 72 milyard dollar olub. Şirkətin gəliri isə 2.1 milyardan 8.7 milyard dollara çatıb.
“Expedia”nın iqamətgahı Vaşinqtonda yerləşir. Bu səbəbdən Xosrovşahi Kaliforniyanın Silikon vadisində diqqət çəkməyib.
Əməkdaşlarının işini yüksək qiymətləndirən amerikalı baş direktorlar reytinqində o, 39-cu yer tutur. Onun rəğbət reytinqi 94 faizdir.
2015-ci ilin yekunlarına dair hesabatlarda Xosrovşahi, aksiyaları fond birjasına çıxarılan ABŞ şirkətləri arasında ən çox məvacib alan baş direktorlar reytinqinə başçılıq edir. Bu, aksiyalar şəklində kompensasiya haqqında razılaşmanın imzalanmasından sonra baş verib. Onun ümumi gəliri 94,6 milyon dollara çatıb. 2016-cı ilin yekunlarına dair hesabatlarda onun məvacibinin 2,5 milyon dollar təşkil etdiyi qeyd olunub.
“Expedia”ya rəhbərlik etməkdən savayı, Xosrovşahi "The New York Times" nəşri və "Fanatics" idman məhsulları mağazalar şəbəkəsinin direktorlar şurasında təmsil olunur. Bundan əlavə, o, “Yük maşınları üçün “Uber” xidməti” kimi tanınan “Convoy” layihəsinə sərmayə yatırıb.
Xosrovşahi texnologiya həvəskarıdır. Məsələn, “Financial Times”a müsahibəsində o deyib ki, evdə bir neçə "Smarthome"dan (səs komandası ilə evin idarə olunması) istifadə edir və bir gün ancaq səs komandalarından istifadə etməklə, səyahət sifariş etməyin mümkün olmasını arzu edir. 2014-cü ildə o,sürücüsüz avtomobillərlə maraqlanıb. Hazırda “Uber” bununla məşğul olur.
Bundan əlavə o, siyasət və rəqiblərlə məhkəmə çəkişmələrində fəal iştirak edir. Məsələn, “Expedia” şirkəti ABŞ prezidenti Donald Trampın xarici ölkə vətəndaşlarının ABŞ gəlməsinə qadağa qoyan qərarına qarşı çıxan ilk şirkətlərdən biri olub. O, Trampın digər hərəkətlərini də tənqid edir. Məsələn, Xosrovşahi Trampı avqust ayında Şarlotsvilldə baş verən hadisələrə kifayət qədər reaksiya verməməkdə ittiham edib.
Məhz onun rəhbərliyi altında “Expedia” “Google” şirkətinə qarşı rəsmi etiraz bildirib. Səbəb isə istehlakçının “Google” vasitəsilə axtarış aparanda yekun axtarış siyahılarında şirkətin öz servislərinə üstünlük verilməsi olub. Bu isə, Xosrovşahinin qənaətinə görə, “Google”ın rəqiblərinin ziyanına olub.
Kollektiv şikayətə baxılandan sonra "Google"ın sahibi "Alphabet" Avropa Komissiyası tərəfindən 2,42 milyard dollar cərimə edilib.
İsmayıl Fətəliyev