Azərbaycanlı startapçılara tövsiyə: İdeyalarınızı patentləşdirin | Banco.az

Azərbaycanlı startapçılara tövsiyə: İdeyalarınızı patentləşdirin

“Ölkəmizdə innovativ ideyalara, intellektual sahibkarlıq subyektlərinə və startapçılara daim diqqət və dəstək göstərilir. Bunun nəticəsi olaraq, son illərdə Azərbaycanın startap ekosistemi daha da inkişaf edib və artıq qlobal bazara çıxa biləcək layihələr formalaşıb”.

Bu sözləri Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə startap ideyalarının müəllif hüquqlarının təmin olunması ilə bağlı keçirilən müzakirələrdə deyib.

Nazir bildirib ki, 100-dən çox layihə dövlət tərəfindən maliyyələşdirilib: “İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi qrant müsabiqələrində 100-dən artıq layihə dövlət tərəfindən maliyyələşdirilib.

Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində rezident olan startapçılar üçün münbit şərait yaradılıb. Hazırda ölkədə mövcud ekosistemin inkişafı üçün bir sıra işlər aparılır ki, biznesə çevriləcək ideyaların patentləşdirilməsi də bu prosesin vacib tərkib hissəsidir”- deyə nazir bildirib.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri bildirib ki, bu gün dünyada startap ideyalarının patentləşdirilməsi öz aktuallığını saxlayır. Baş direktor yeni ideyaların müəllif hüququnun əldə edilməsinin layihə müəlliflərinə beynəlxalq bazarda əlavə dividentlər qazandırdığını qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

O bu sahədə fəaliyyət göstərən azərbaycanlı startapçılara ideyalarını patentləşdirmək, onu ticarət nişanına çevirmək üçün rəhbəri olduğu təşkilat tərəfindən dəstək göstərilə biləcəyini də deyib.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov isə startapçılara öz layihələrini qeydiyyatdan keçirməyi tövsiyə edib. Bu işdə zəruri texniki dəstəyə hazır olduqlarını bildirən K.İmanov bir neçə startap layihəsinin Agentlik tərəfindən patentləşdirildiyini də diqqətə çatdırıb.

Xatırladaq ki, müzakirələrdə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoruFrensis Qarridən başqa, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov da iştirak edib.

Facemark.az

Ən sərfəli krediti almaq üçün müraciət et