Azərbaycanın xarici dövlətlərə verdiyi kreditlər üzrə büdcə daxilolmaları 35% artacaq | Banco.az

Azərbaycanın xarici dövlətlərə verdiyi kreditlər üzrə büdcə daxilolmaları 35% artacaq

Azərbaycanın xarici dövlətlərə verdiyi kreditlər üzrə 2018-ci ildə dövlət büdcəsinə daxilolmalar 68,5 mln. manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 17,7 mln. manat və yaxud 34,9% çoxdur.

Bu barədə 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatına istinadən xəbər verilir.

Sənədlərə əsasən, konkret olaraq büdcədən verilmiş kreditlər üzrə daxilolmalar 5,3 mln. manat məbləğində gözlənilir. Dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar bağlanan müqavilələr üzrə daxilolmalar isə 2,6 mln. manat məbləğində proqnozlaşdırılır. 

Qeyd edək ki, Azərbaycanın orta və uzunmüddətli borc siyasəti strategiyası hazırlanıb. Strategiyada dövlət borcunun tədricən azaldılması, növbəti ildən başlayaraq dövlətin birbaşa və dövlət zəmanəti əsasında dövlət müəssisələrinin xarici kredit qurumlarından borc almasının sərt çərçivələri öz əksini tapıb və yalnız ölkə üçün prioritet sayılan layihələrinin maliyyələşdirilməsi üçün kredit cəlb edilməsi nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

2018-ci il üzrə dövlət borclanmasının yuxarı həddi 700 mln. manat (2017-ci ilə nisbətən 300 mln. manat və yaxud 30% az), xarici dövlət borclanmasının yuxarı həddi 1 mlrd. manat (2017-ci ilə nisbətən 3,5 mlrd. manat və yaxud 77,8% az), il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 4 mlrd. manat ( 2017-ci ilə nisbətən 6 mlrd. manat və yaxud 60% az) məbləğində proqnozlaşdırılıb. Bununla yanaşı, dövlətə məxsus olan hüquqi şəxslərin birbaşa borclanmasının da sərtləşdirilməsi istiqamətində zəruri addımlar atılıb.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et