Azərbaycanın TDT-yə üzv ölkələr ilə ticarət dövriyyəsinin həcmi məlum olub | Banco.az

Azərbaycanın TDT-yə üzv ölkələr ilə ticarət dövriyyəsinin həcmi məlum olub

2024-cü il ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr ilə ticarət dövriyyəsi 6 mlrd. 892.7 mln. ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin apardığı hesablamalara görə, ötən il Azərbaycandan TDT-ə üzv ölkələrə ixrac 4 milyard 22.5 milyon ABŞ dollarına, idxal isə 2 milyard 870.2 milyon ABŞ dollarına bərabər olub.

Hesabat dövründə TDT-yə üzv ölkələr ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 14.5%-nə bərəbər olub.

Qeyd edək ki, ötən il Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 50% artaraq 470.4 milyon dollara, Özbəkistanla ticarət dövriyyəsi isə 41% artaraq 252.1 milyon dolara, Türkiyə ilə ticarət dövriyyəsi 20% azalaraq 6 milyard 130.2 milyon dollara, Qırğızıstanla ticarət dövriyyəsi 38% azalaraq 40 milyon dollara bərabər olub.

2024-cü ildə Azərbaycandan Türkiyəyə 542.3 milyon ABŞ dolları, Qazaxıstana 131.3 milyon ABŞ dolları, Özbəkistanda isə 39.3 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən 2012-ci ilin 1 noyabr tarixində yaradılıb. Təşkilat yaradılarkən adı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)” olub. 2021-ci ildə təşkilatın adına dəyişiklik edilmiş və hazırda “Türk Dövlətləri Təşkilatı” adı ilə fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikası təşkilatın 4 təsisçi ölkəsindən biridir və hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusa malikdir. Təşkilatın mənzil-qərargahı Türkiyənin İstanbul şəhərində yerləşir. Baş katibi 11 noyabr 2022-ci il tarixindən etibarən Kubanıçbek Omuraliyevdir (Qırğızıstan).

report