"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın "Qazprom" şirkəti tərəfindən"AzMeCo"ya (Azərbaycan Metanol Şirkəti) satılacaq qazın nəqlini təmin edəcək. SOCAR bu öhdəliklərlə bağlı "Qazprom" şirkəti ilə müqavilə imzalayıb".
Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, Azərbaycanın Rusiya qazına ehtiyacı yoxdur: "Biz müqavilə öhdəliklərimizin hamısını yerinə yetiririk. Bilirsiz ki, metanol zavodu tikilir. "Bizim qaza ehtiyacımız yoxdur. Azərbaycan Metanol Zavodu SOCAR-la uzunmüddətli qaz kontraktı bağlamayıb, bu da onların özlərinin səhvidir. Ona görə də, bizim o zavod üçün resursumuz yoxdur. Günah "AzMeCo"nun özündədir. Zavodu tikib, sonra qaz haqqında fikirləşiblər", - deyə R. Abdullayev söyləyib.
SOCAR prezidenti bildirib ki, danışıqlar zamanı "AzMeCo"nun "Qazprom”dan qaz almasına etiraz etməyib. R. Abdullayev metanol istehsalçısının "Qazprom"dan qaz almasının normal hal olduğunu əlavə edib.
"Zavodun "Qazprom"dan qaz almasına biz etiraz etməmişik. Bizim boru xətləri ilə qazın zavoda çatdırılması ilə bağlı müqavilə bağlamışıq".