Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı artıb | Banco.az

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı artıb

2022-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı müstəqillik illərində ilk dəfə olaraq 3 milyard dollara çatıb. Qeyri-neft ixracı 2021-ci illə müqayisədə 10,3 faiz artıb.

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, qeyri-neft ixracatının artması bir tərəfdən neftdən kənar sektorlarda istehsalın genişlənməsi, digər tərəfdən isə idxalatçı ölkələrdə inflyasiya səviyyəsinin artması ilə bağlıdır. 2022-ci ilin ilkin statistik gözləntilərinə əsasən, ÜDM orta hesabla 4,8 faiz artsa da, qeyri-neft iqtisadiyyatı 9 faizdən çox böyüyüb. Bu isə ondan xəbər verir ki, enerjidən kənar sektor 2022-ci ildə ÜDM-in formalaşmasında xüsusi paya malik olub. Belə ki, ötən ilin ilk 10 ayında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,4 faiz azalıb. Nəticədə qeyri-enerji sektorunun 2022-ci ildə yaradılan dəyərdə çəkisi artıb. 2022-ci ildə ən çox artım kimya sənayesi məhsullarının ixracında müşahidə olunub: 57,7 faiz. Qara metallar və onlardan hazırlanan məmulatların ixracı 17,5 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,4 faiz, çay ixracı isə 35,6 faiz artıb. Ümumi qeyri-neft ixracatının təxminən üçdə birini aqrar və aqrar sənaye məhsulları təşkil edib - 912,4 milyon dollar.

Ən sərfəli kredit üçün müraciət et

“Qeyri-neft ixracatının artması iqtisadiyyatın şaxələndirilməsi baxımından çox vacibdir. İxrac ölkəyə daxil olan valyutanın həcmini müəyyənləşdirir. Bu baxımdan, enerji sektorundan kənar sahələrin ixracatının artırılması prioritet olaraq qalmaqdadır”, - deyə V.Bayramov qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et