Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Qırmızı dənizdəki vəziyyətlə əlaqədar olaraq Asiya ilə Avropa ölkələri arasında yük daşımalarının dəyəri 400% artıb.
Banco.az-ın məlumatına görə, bu barədə Avropanın iqtisadi məsələlər üzrə komissarı Paolo Gentiloni açıqlama verib. O qeyd edib ki, Qırmızı dənizdən daşınmaların istiqamətləndirilməsi ilə əlaqədar olaraq, Avropa və Asiya arasında çatdırılma müddətləri 10-15 gün artıb. Bu xərclərin 400 faiz yüksəlməsinə səbəb olub.
Azərbaycan loqistika ilə bağlı diqqəti cəlb edir
Logistik baxımdan çətinliklərin yaranması Azərbaycan üçün əlavə imkanlar yaradıb. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov bildirib ki, Çindən Azərbaycan ərazisi ilə 100-ə yaxın konteyner blok qatarının göndərilməsi planlaşdırılır. Qeyd olunub ki, 2024-cü ildə Çindən Azərbaycan ərazisi ilə Avropaya daşınan yüklərin həcmi artacaq.
Yanvarda Çinin Sian vilayətindən Azərbaycan istiqamətində 3-ü tranzit, 7-si idxal yükü olmaqla 10 konteyner blok qatar yola salınıb.Tranzit yüklər əsasən texniki avadanlıqlardan ibarət olub.
Xatırladaq ki, 2021-ci illə müqayisədə 2022-ci ildə Azərbaycan ərazisindən keçən tranzit yükdaşımaların (dəmir yolu, dəniz və avtomobil) ümumi həcmi 75 faiz artaraq 10.7 milyon tona çatıb.
Qarşıdakı hədəf daha böyükdür
“Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün fəaliyyət planı”na əsasən Azərbaycan ərazisindən daşınan tranzit yükdaşımalarının həcminin 2024−2026-cı illər ərzində 2022-ci ilə nisbətən 27 faiz artırılaraq 10.7 milyon tondan 13.6 milyon tona çatdırılması nəzərdə tutulub.
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycandan keçən Şərq-Qərb (Avropa-Qafqaz-Asiya və ya Orta Dəhliz) və Şimal-Cənub nəqliyyat dəhlizlərinə maraq artıb.Orta dəhliz - Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarını nəzərdə tutur.
“Avropa yüklərini Azərbaycan üzərindən daşımaqda maraqlıdır
Belə ki, TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən lyihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.
Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır. Azərbaycan Şimal-Cənu" layihəsinə 2005-ci ildə qatılıb.
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut (Suveyş kanalı) üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub vasitəsilə 14-20 gün olması gözlənilir.
Aİ tərəfindən TRACECA-ya artıq texniki dəstək göstərilmir. Aİ diqqəti ölkələrlə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ikitərəfli əməkdaşlıq üzərində cəmləşdirib. TRACECA-nın 2026-cı ilədək müəyyənləşdirilmiş strategiyasında önəm daha çox infrastuktura deyil, qanunvericiliyin uyğunlaşdırılmasına, proseslərin çevikləşdirilməsinə yönəldilib.
Bizi sosial şəbəkələrdən izləyin!!