Azərbaycanda maliyyə və sığorta sahəsində işləyənlərin sayı 2016-cı il ərzində azalıb.
Rəsmi statistikaya əsasən verilən xəbərə görə, maliyyə sektorunda muzdla çalışan işçilərin sayı illik müqayisədə 14,4% azalaraq 2016-cı il dekabrın 1-nə 25 745 nəfər təşkil edib. Beləliklə, ölkədə muzdla işləyənlərin 1,7%-ni məhz bu sahədə çalışanlar əhatə edib.
Qeyd edək ki, 2016-cı il dekabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 514,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 889,5 min nəfər, qeyri-dövlət sektorunda isə 624,9 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,2 min nəfər, qeyri-neft sektorunda isə 1 480,2 min nəfər çalışıb.
2016-cı ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrünə nisbətən 7,0% artaraq 494,3 manat təşkil edib. Dövlət Statsitika Komitəsinin məlumatına əsasən, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Mənbə: Report.az