Azərbaycanın ilk dövlət istiqrazları beynəlxalq bazarda uğurla yerləşdirilib | Banco.az

Azərbaycanın ilk dövlət istiqrazları beynəlxalq bazarda uğurla yerləşdirilib

Martın 11-də Azərbaycanın dövlət istiqrazlarının beynəlxalq kapital bazarlarında ilk yerləşdirilməsi uğurla başa çatıb. Maliyyə Nazirliyindən fins.az-a verilən məlumata görə, ilk Azərbaycan bondlarının (istiqrazların) emissiyası xarici investorların böyük marağına səbəb olub. 1 milyard 250 milyon ABŞ dolları məbləğində dövlət qiymətli kağızlarının emissiyası 5% gəlirlilik və 10 il ödəmə müddəti ilə yerləşdirilib.
Bu göstərici istinad kimi əsas götürülən müvafiq müddətli ABŞ dövlət qiymətli kağızlarından 2,22% yüksək olub. Müqayisə üçün qeyd edək ki, daha yüksək kredit reytinqinə və qiymətli kağız buraxılışı təcrübəsinə malik Rusiya Federasiyasının eynimüddətli dövlət qiymətli kağızları 2,41% dərəcəsi, Türkiyənin dövlət qiymətli kağızları isə 2,74% dərəcəsi ilə yerləşdirilib.
Nazirlikdən bildirilib ki, investorların maraqlarının ifadəsi kimi Azərbaycan Respublikasının qiymətli kağızlarına olan təlabat təklifdən 4 dəfə artıq olub və 160-dan çox ölkənin institusional investorlarını cəlb edib. 
Beynəlxalq bazarlarda ilk dövlət istiqrazlarının yerləşdirilməsi səlahiyyəti Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “Barclays”, “Deutsche Bank” və “Citi” investisiya banklarından ibarət sindikata verilib. Ötən həftə ərzində Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi və İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Dövlət Neft Fondunun nümayəndələrinin də təmsil olunduğu heyət investisiya bankları sindikatı ilə birlikdə Almaniya, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarında investorlar üçün təqdimatlar keçiriblər. Təsadüfi deyil ki, “Bloomberg”, “Financial Times”, “Reuters” və digər dünyanın nüfuzlu media orqanları tərəfindən ölkəmizin dövlət istiqrazlarının beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi geniş işıqlandırılıb.
Azərbaycan Respublikasının dövlət istiqrazlarının dünyanın müxtəlif regionlarından olan çoxsaylı sərmayədar qrupları arasında yerləşdirilməsi, eyni zamanda təlabatın təklifdən dəfələrlə artıq olması ölkəmizin beynəlxalq kapital bazarlarında siyasi və iqtisadi cəhətdən güclü, stabil dövlət kimi qəbul olunmasının və dünya iqtisadiyyatında rolunun artmasının bariz nümunəsidir.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et