Azərbaycanın elektrik enerjisi bazarına bir sıra şirkətlər daxil olacaq | Banco.az

Azərbaycanın elektrik enerjisi bazarına bir sıra şirkətlər daxil olacaq

Elektrik enerjisinin liberallaşdırılması çərçivəsində Azərbaycanda hədəf modelinə əsasən enerjinin istehsalı və nəqli sahəsində 4 şirkət fəaliyyət göstərəcək.

Mənbənin sözlərinə görə, enerji istehsalı sahəsində iki dövlət və iki müstəqil şirkət fəaliyyət göstərəcək, eyni sxem elektrik enerjisinin nəqlində də yer alacaq.

"Liberallaşmanın birinci mərhələsində (01.01.2020-01.01.2022 tarixlərdə) elektrik enerjisinin istehsalı prosesinə 3 şirkət daxil olacaq, onlardan 2-i dövlət, 1-i isə özəl olacaq. Bu mərhələ elektrik enerjisinin nəqlini yalnız bir dövlət şirkəti həyata keçirəcək", - deyə mənbə izah edib.

"İkinci mərhələdə (01.01.2022-01.01.2025 tarixlərdə) elektrik enerjisinin nəqli sahəsində də iki dövlət və bir müstəqil qurum bazara daxil olacaq.

Bazarın liberallaşdırılması modelinə əsasən, elektrik enerjisinin transmissiyası, göndərilməsi və paylanması dövlət tərəfindən aparılacaq", - mənbə əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hazırda ölkədə ölkənin əsas elektrik enerjisi istehsalçısı “Azərenerji” ASC-dir. Qurum həm də elektrik enerjisinin transmissiyasını və göndərilməsini təmin edir. Enerjinin nəqli və bölüşdürülməsini isə “Azərişıq” ASC həyata keçirir.

Xatırladaq ki, Azərbaycan energetika sistemində elektrik stansiyalarının qoyuluş gücü 7 146 MVt-dır, bunun da 5 870,9 MVt-ı (82,15%-i) istilik stansiyalarının payına düşür. Qalan 1 109,5 MVt (15,5%) iri su, 66 MVt (0,92%) külək, 24,96 MVt (0,36%) kiçik su, 39 MVt (0,54%) biokütlə bazasında çalışan və 37,165 MVt (0,53%) günəş elektrik stansiyalarının payına düşür.

Gələn il ölkədə elektrik stansiyaların stansiyalarının qoyuluş gücünü 7 352 MVt-a çatdırmaq planlaşdırılır.

APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et