Azərbaycanın daxili dövlət borcu açıqlandı | Banco.az

Azərbaycanın daxili dövlət borcu açıqlandı

2023-cü il 31 dekabr tarixinə daxili dövlət borcu 15 866,4 mln. manat təşkil etmişdir. Daxili dövlət borcunun məbləği 2023-cü ilin əvvəli ilə müqayisədə 11 678,2 mln. manat həcmində artıb.

Bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, artımın əsas səbəbi 9 351 mln. manat məbləğində dövlət zəmanətli öhdəliklərinin dövlət borcuna aid edilməsi, bununla yanaşı dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, habelə xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi məqsədilə dövlət istiqrazlarının yerləşdirilməsi olmuşdur. Daxili dövlət borcunun ÜDM-ə nisbəti 2023-cü ilin 01 yanvar tarixinə olan göstəricisi ilə müqayisədə 9,8 faiz-bəndi artaraq 3,1 faizdən 12,9 faizə çatmışdır.

Dövlət borcunun tərkibində xarici dövlət borcunun xüsusi çəkisi son 5 ildə 29,8 faiz-bənd azalaraq 92,6 faizdən 62,8 faizə enmiş, daxili dövlət borcunun xüsusi çəkisi isə müvafiq olaraq (dövlət borcuna yenicə aid edilmiş dövlət zəmanətli öhdəliklər istisna olmaqla) 7,4 faizdən 37,2 faizədək artmışdır.

Beynəlxalq münasibətlər, xarici yardımlar, Azərbaycan Respublikasının xaricdəki diplomatik və ticarət nümayəndəliklərinin saxlanılması ilə bağlı xərclərə 553,3 mln. manat vəsait istifadə olunub.

Həmin vəsait hesabına xarici ölkələrdə fəaliyyət göstərən ölkəmizin diplomatik nümayəndəlik və konsulluqlarının saxlanılması və digər xərclər üçün 171,9 mln. manat, xaricdəki ticarət nümayəndəliklərinin saxlanılması üçün 3,7 mln. manat vəsait yönəldilib.

2023-cü ilin dövlət büdcəsindən beynəlxalq və regional təşkilatlara üzvlük haqqı xərcləri üçün 16,6 mln. manat, beynəlxalq, ölkə səviyyəli tədbirlər üçün 208,0 mln. manat, beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər üçün 39,8 mln. manat vəsait istifadə olunmuş, xarici yardımlar üzrə xərclər 113,3 mln. manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram