Azərbaycanın böyük itkisi | Banco.az

Azərbaycanın böyük itkisi

Neftin ucuzlaşması ixrac edilən məhsulların dəyərinin aşağı düşməsinə səbəb olub.

Azərbaycandan ixrac olunan məhsulların dəyəri kəskin aşağı düşüb.

ANS PRESS-in məlumatına görə, Dövlət Gömrük Komitəsi bununla bağlı hesabatını açıqlayıb. Həmin hesabata əsasən, bu ilin yanvar ayı ilə müqayisədə avqust ayında ixrac dəyəri təxminən 2 dəfə aşağı düşüb. 

Bildirilib ki, yanvar ayında 1,278 milyard dollarlıq məhsul ixrac edilmişdisə, avqust ayında cəmi 741 milyon dollar dəyərində məhsul ixrac edilib. Bu, 2015-ci il ərazində ən aşağı göstəricidir.

Komitənin hesabatında əvvəlki aylarla bağlı ixrac göstəricisi belə olub: yanvar - 1,278 milyard, fevral - 1,053 milyard, mart - 1,042 milyard, aprel - 882 milyon, may - 1,012 milyard, iyun - 943 milyon, iyul 1,241 milyard dollar.


2015-ci il ərzində ixrac olunan məhsulların ümumi dəyəri (aylıq, milyard dollarla)


İqtisadçı Vüqar Bayramov ANS PRESS-ə verdiyi açıqlamasında ixrac dəyərinin zəifləməsinin neftin qiymətinin düşməsi ilə əlaqəli olduğunu bildirib. 

"Azərbaycandan ixracatının ümumi dəyərində azalmaların müşahidə edilməsi birbaşa neftin dünya bazarında qiymətinin aşağı düşməsi ilə bağlıdır. Yəni neft ixracatı həcmində rəqəm dəyişməsə də, bu, ixracatın dəyər ifadəsinin aşağı düşməsinə səbəb olur", - deyə Vüqar Bayramov əlavə edib.

İxracat dəyərinin azalması eyni zamanda dövlət gəlirlərinin, ölkəyə daxil olan xarici valyutanın azalması deməkdir. Bu, eyni zamanda manatın stabilliyinə də təsir göstərir. O baxımdan ixracat həm dövlətin monetar siyasətinə, dövlət gəlirlərinin formalaşnmasına, həm də bütövlükdə ölkədə valyuta axınının tənzimlənməsinə birbaşa təsir göstərir. 


Vüqar Bayramov - iqtisadçı


Bu baxımdan iqtisadçı Vüqar Bayramov ixracatda azalma tempinin qarşısının alınmasını vacib sayır: "İxracat dəyərinin azalması ölkəyə daxil olan valyutanın həcmini azaldır. Odur ki, ixracatdakı azalma tempinin qarşısının alınması və bu sahədə artımın stimullaşdırılması olduqca vacibdir".

Ekspert bunun üçün qeyri-neft sektorunda ixracatın artırılmalı olduğunu vurğulayıb. Əgər ixracat dəyərində qeyri-neft sektorunun çəkisi azalarsa, bu, ümumi ixracat dəyərində azalma tempinin qarşısını ala bilər. Çünki ixracatda artım ölkə iqtisadiyyatı üçün olduqca vacibdir.

Dövlət Gömrük Komitəsinin açıqladığı hesabatda da buna ehtiyac olduğu aydın görünür. Belə ki, statistikaya əsasən, ötən ilin yanvar-avqust aylarında Azərbaycanda 15,351 milyard dollar dəyərində məhsul ixrac edilmişdisə, bu ilin eyni dövründə həmin göstərici cəmi 8,184 milyard dollar təşkil edib. Bu isə ixrac edilən məhsul dəyərinin təxminən 2 dəfə azalması deməkdir.



2014 və 2015-ci illərin yanvar-avqust aylarında ixrac dəyəri (milyard dollarla)


Beləliklə, nəzərə alsaq ki, bu gün neftin dünya bazarı qiyməti aşağıdır və proqnozlar da yaxın vaxtlarda bu qiymətin yüksələcəyi ilə bağlı nikbin deyil, Azərbaycan qeyri-neft məhsullarının ixracat həcmini artırmalıdır.

Məhz bu yolla ölkəyə daxil olan valyutanın həcmini, dövlət gəlirlərindəki artım tempini qoruyub saxlaya bilmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et