Azərbaycanın bir rayonunda problemli kredit qeydə alınmayıb | Banco.az

Azərbaycanın bir rayonunda problemli kredit qeydə alınmayıb

Azərbaycanda kredit borcu olan rayon və şəhərlər üzrə yalnız bir rayonda problemli (vaxtında qaytarılmayan) kredit qeydə alınmayıb.

Mərkəzi Bankın 2022-ci ilin aprelin 1-nə olan məlumatına əsasən, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda cəmi 3,5 milyon manat kredit borcu var və bütün kreditlər üzrə ödəniş vaxtında həyata keçirilib.

Lakin digər rayon və şəhərlərdə az miqdarda da olsa vaxtında geri qaytarılmayan kreditlər var.

Vaxtı keçmiş kreditlərin payının həcminə görə, ən pis vəziyyət Kəngərli rayonu (5,8 faiz), Bakı şəhəri (5,7 faiz) və Samux rayonundadır (5,2 faiz). Bu şəhər və rayonlarda problemli kreditlərin payı ölkə üzrə orta göstəricidən (4,82 faiz) yüksəkdir.

Digər böyük şəhərlərdən Sumqayıtda kreditlərin 4,16 faizi, Gəncədə 3,23 faizi vaxtında qaytarılmır.

Kredit qoyuluşunda problemli kreditlərin payı az olan digər rayon və şəhərlər isə bunlardır: Qax rayonu (0,47 faiz), Lerik rayonu (0,74 faiz), Yardımlı rayonu (0,79 faiz), Zərdab rayonu (0,81 faiz) və Cəlilabad rayonu (0,91 faiz).

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram