Şəbnəm Mehdizadə, Banco.az
Son dövrlər Rusiya-Ukrayna müharibəsi fonunda neft qiymətlərinin bahalaşması müşahidə olunur. Qlobal iqtisadiyyatın lokomotivi hesab edilən “qara qızıl”ın qiymət artımı isə iqtisadiyyatın bütün sahələrinə öz təsirini göstərib. Şübhəsiz ki, bunlardan biri də avtomobil bazarıdır. Belə ki, Avropada avtomobil satışları artsa da, hələ də pandemiyadan əvvəlki vəziyyətə qayıda bilməyib. Maraqlıdır, Azərbaycanın avtomobil bazarında hazırda vəziyyət necədir? Avtomobillərin qiyməti ilə bağlı yaxın aylarda hansı dəyişikliklər gözlənilir?
Mövzu ilə bağlı nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Banco.az-ın suallarını cavablandırıb. O bildirib ki, ötən illə müqayisədə bu il avtomobil bazarında satışlar artıb:
“Ümumi olaraq bazarda canlanma var. Cari ilin 9 ayı ərzində ölkəmizə 50 mindən çox avomobil idxal olunub. Bunların arasında həm yeni, həm də köhnə avtomobillər mövcuddur. Lakin hazırda avomobil bazarında aktivlik o qədər də yüksək deyil. Əslində hər il sentyabr ayında dinamika artırdı. Çünki Azərbaycanın avtomobil bazarı mövsümlə xarakterizə olunur. Adətən sentyabrın 15-dən sonra avtomobil bazarında canlanma başlayırdı. Lakin bu il belə bir canlanma olmadı. Həm yeni, həm də ikinci əl avomoillərin satışları alışı və satışı xeyli zəifləyib. Buna görə də qarşıdakı aylarda bazarda vəziyyətin necə dəyişəcəyini proqnoz etmək olmur”.
Ekspert əlavə edib ki, ikinci əl avtomobillərin qiymətləri sabit olaraq qalır:
“İyul ayının sonundan başlayaraq ölkəyə idxal olunan yeni avtomobillərin qiyməti isə nisbətən bahalaşıb. Burada təqribən 2 faizlik artımdan söhbət gedir. Bu isə daşınma xərclərinin artması ilə əlaqədardır. İlin sonuna doğru idxal olunan yeni avtomobillərin qiymətinin bir qədər də bahalaşması istisna edilmir”.
Bizi sosial şəbəkələrdən izləyin!!