Azərbaycan yanvar-sentyabr aylarında 5 milyon 376 min dollar dəyərində şərab və üzüm suslosu ixrac edib. Bu barədə hökumətdən məlumat verilib.
"Yanvar-sentyabr aylarında Azərbaycan 5 milyon 376 min dollar dəyərində 402 min dekalitr şərab və üzüm suslosu ixrac edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 18,7%, dəyər ifadəsində 2,7% azalıb", - deyə məlumatda bildirilir.
Hesabat dövründə ixracın əsas həcmi Rusiyanın payına düşüb. Belə ki, 9 ay ərzində bu ölkəyə 4 milyon 468 min dollar dəyərində (azalma 6,7%) 378 min dekalitr (azalma 19,9%) şərab ixrac edilib.
2018-ci ildə Azərbaycan 7 milyon 561,96 min dollar dəyərində şərab və üzüm suslosu ixrac edib.
2018-ci ildə Azərbaycanda 1,5 milyon dekalitr şərabçılıq məhsulları istehsal edilib. 2017-ci illə müqayisədə istehsalın həcmi 48,9% artıb.
Şərabçılıq məhsullarının ixrac həcminin 2026-cı ilədək 1,875 milyon dekalitrə qədər artırılması qarşıda duran vəzifələrdən biridir.
“İnterfaks-Azərbaycan”