İlin ilk yarısında Azərbaycandan Rusiyaya 91 milyon dollar köçürülüb.
Rusiyada yaşanan böhran bu ölkədə çalışan azərbaycanlıların gəlirlərinə ciddi təsir edib. Nəticədə Rusiyadan Azərbaycana göndərilən pulun həcmi azalıb. Amma maraqlı bir məqam da var. Azərbaycandan Rusiyaya kifayət qədər böyük məbləğlər köçürülüb.
Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki, bu ilin ikinci rübündə Rusiya ilə Azərbaycan arasında şəxsi pul köçürmələrinin ümumi məbləği 225 milyon dollar olaraq açıqlandı. Bu isə keçən ilin eyni dövrü ilə müqayisədə 40 faiz azalma deməkdir.
Rusiya Mərkəzi Bankının verdiyi rəgəmlərə görə, 2015-ci ilin ikinci rübündə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana pul köçürmələri də 44 faiz azalıb.
İqtisadçı-ekspert Aleksandr Qusevin sözlərinə görə, Rusiyadan Azərbaycana pul köçürmələrinin azalmasının başlıca səbəbi Rusiyadakı maliyyə problemləri ilə əlaqədardır: "Əvvəla iş yerləri get-gedə azalır. Bundan başqa əhalinin alıcılıq qabiliyyəti aşağı düşür. Əhali daha qənaətlə xərcləyir və daha az ərzaq məhsulu alır”.
Azərbaycandan isə Rusiyaya pul köçürmələri əksinə artıb. Əgər ötən ilin ilk yarısında Azərbaycandan Rusiyaya 74 milyon dollar göndərilmişdirsə, bu ilin eyni dövründə bu rəqəm 91 milyon dollar olub.