“Azərbaycanda "yaşıl iqtisadiyyat”a keçid üçün potensial böyükdür” - Ekspert | Banco.az

“Azərbaycanda "yaşıl iqtisadiyyat”a keçid üçün potensial böyükdür” - Ekspert

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Avropa İttifaqı Qonşuluğu ölkələrində kredit əməliyyatları üzrə baş məsləhətçi Herve Guenassia Bakıda keçirilən “Dayanıqlı maliyyə və investisiya” mövzusunda II Bakı Forumunda bildirib ki, Avropa İttifaqı Azərbaycana "yaşıl iqtisadiyyat"a keçidlə bağlı texniki dəstək göstərə bilər və bu sahədə təcrübəsi ilə bölüşməyə hazırdır.

Mövzunu Banco.az üçün davam etdirən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirdi ki, dayanıqlı iqtisadiyyata nail olmaq üçün Azərbaycan iqtisadiyyatında yaşıl enerjinin tətbiqi istiqamətlərinin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir:

“Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində məhz beşinci prioritet olaraq təmiz ətraf mühit və yaşıl artım ölkəsi adlandırılıb. Bu sənəddə ekoloji cəhətdən təmiz texnologiyanın tətbiqi ilə iqtisadi inkişafın təmin olunması, tullantıların təkrar emalı, çirklənmiş ərazilərin bərpasının təşviq olunması kimi bir çox məsələlər və konkret tapşırıqlar öz əksini tapıb.

Yaşıl enerji ətraf mühitə zərər vermədən istifadə edilir. Buraya külək enerjisi, hidroenerji, günəş enerjisi, biokütlələrdən əldə olunan alternativ enerjilər daxildir. Tullantıların emalı nəticəsində istifadə olunan, həyata keçirilən prosesləri də bura aid etmək olar. Bu qəbildən hələ bir neçə il bundan əvvəl Bakıda bərk məişət tullantılarının yandırılması zavodu fəaliyyətə başlayıb”.

 Azad olunmuş ərazilərimizdə yaşıl iqtisadiyyat potensialı ilə bağlı konkret strategiya müəyyənləşdiyini xatırladan ekspert vurğuladı ki,  bu sahənin inkişafı üçün xarici şirkətlərlə müəyyən anlaşma memorandumu imzalanıb:

“Mən xüsusilə Səudiyyə Ərəbistanı, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri ilə imzalanan böyük müqavilələri qeyd etmək istərdim. Bu müqavilələrə əsasən Xızıda külək elektrik stansiyası, Qaradağda günəş elektrik stansiyasının yaradılması ilə bağlı layihələrə artıq başlanılıb. BP şirkəti ilə işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində günəş elektrik stansiyasının yaradılması ilə bağlı razılıq əldə olunub. “Ağıllı şəhər, “Ağıllı kənd” konsepsiyasının icrası sahəsində də yenə yaşıl iqtisadiyyatın ciddi elementlərini müşahidə edirik”.

Azərbaycanın alternativ enerji mənbələri üzrə 200 geqavatdan artıq bir potensiala malik olduğunu qeyd edən ekspert onu da bildirdi ki, bu enerjinin ötürülməsi üçün infrastruktur qurulmalıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram