Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilib.
Hər il olduğu kimi bu il də ən çox barama tədarükü Zərdab rayonunda aparılıb.
2024-cü il iyunun 20-dək kümçülər tərəfindən tədarük məntəqələrinə 230,9 ton yaş barama təhvil verilib. Kümçülər tədarük məntəqələrinə 40,481 tondan artıq yaş barama təhvil veriblər. Zaqatala, Ağcabədi və Balakən kümçüləri də yüksək məhsuldarlıq əldə ediblər. Bugünədək Zaqatalada 25,226 ton, Ağcabədidə 21,585 ton, Balakəndə 18,091 ton yaş barama tədarük olunub.
2023- cü ilin iyun ayında isə kümçülər tərəfindən tədarük məntəqələrinə 328 ton yaş barama təhvil verilmişdi. 2023-cü ildə respublika üzrə ən çox yaş barama Zərdab rayonunda tədarük olunub. Zərdablı kümçülər tədarük məntəqələrinə 52,865 ton yaş barama təhvil veriblər. Ağcabədi (34,326 ton), Zaqatala (27,865 ton), Balakən (27,855 ton), Bərdə (20,982 ton), Tərtər (14,475 ton), Füzuli (10,361 ton), Lənkəran (9,818 ton), Sabirabad (9,287 ton), Ağdam (9,157 ton) və Yevlax (8.425 ton) ən çox yaş barama tədarük edən rayonlardır.
Bu rəqəm 2022-ci ilin iyul ayına qədər 186 ton 474 kiloqram olub.
Zərdab kümçüləri həmin il tədarük məntəqələrinə 50 ton 948 kiloqram yaş barama təhvil veriblər. Məhsul tədarükünə görə, Ağcabədi (21 ton 143 kq), Balakən (19 ton 117 kq), Bərdə (11 ton 876 kq), Füzuli (9 ton 994 kq), Kürdəmir (7 ton 775 kq), Sabirabad (5 ton 206 kiloqram) və Tərtər (5 ton 41 kiloqram) rayonları öndə gedir.
Xatırladaq ki, yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.
Qeyd edək ki, bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 9000 qutu ipəkqurdu toxumu paylanıb. Cari ildə Azərbaycanın 40 rayonunda, o cümlədən Naxçıvan Muxtar Respublikasında yaş barama tədarükü aparılır.