Azərbaycanda yanvar-aprel aylarında neft və qaz hasilatı artıb | Banco.az

Azərbaycanda yanvar-aprel aylarında neft və qaz hasilatı artıb

2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 12,4 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən daxil olan məlumatda bildirilir ki, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 11 min ton çox olub.

Respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 8,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,3 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 2,5 milyon ton təşkil edib.

Cari ilin 4 ayında 10,2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-aprel aylarına nisbətən 106 min ton azdır.

Neft-kondensatın 9,8 milyon tonu konsorsium, 409 min tonu isə SOCAR üzrə ixraca nəql edilib.

2020-ci ilin 4 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz, yəni 1,8 mlrd. m3 artımla 13,4 mlrd.m3 qaz hasil edilib. Qaz hasilatının 4,6 mlrd. m3 -i AÇG-dən, 6,4 mlrd. m3 -i isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 2,4 mlrd. m3 qaz hasil olunub.

Bu dövrdə xaricə qaz satışı 4,6 mlrd. m3 təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz çoxdur. Cari ilin yanvar-aprel aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 23,6 faiz çox, yəni 3,5 mlrd. m3 qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi isə 1,1 mlrd. m3 olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 1,3 mlrd.m3 qaz nəql olunub. İstismara veriləndən mayın 1-dək TANAP-la Türkiyəyə 5,1 mlrd. m3-dən çox qaz nəql edilib.

Ən sərfəli kredit üçün müraciət et

İstismara veriləndən mayın 1-dək olan dövrdə isə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından 535 mln. ton neft (kondensatla birlikdə), 293 mlrd. m3 qaz hasil edilib. Bu yataqlardan 538,7 mln. ton neft (kondensatla birlikdə), 81,6 mlrd. m3 qaz isə ixraca nəql olunub.

2020-ci ilin 4 ayında 2013 min ton neft emal edilib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 32,6 min ton çox olub.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et