Azərbaycanda və Avropada nağdsız ödənişlərin üstünlükləri hansılardır? | Banco.az

Azərbaycanda və Avropada nağdsız ödənişlərin üstünlükləri hansılardır?

Müəllif: Gülbəniz Hüseynli, Banco.az

Hazırda dünya ölkələrinin inkişafına təsir göstərən mühüm amillərdən biri də nağdsız iqtisadiyyatdır.

Azərbaycanda 2017-ci il yanvarın 1-dən “Nağdsız hesablaşmalar haqqında” Qanun qüvvəyə minib. Qanunun qəbulunda və tətbiqində məqsəd, Azərbaycan Respublikası ərazisində nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaqla yanaşı, hesablaşmalarda şəffaflığı təmin etmək, dövlət büdcəsinə ödənilən vəsaitlərin həcminin artırılmasıdır.

Nağdsız ödənişlərin üstünlükləri barədə danışan iqtisadçı-ekspert Pərviz Heydərov bildirdi ki, dünyada çoxdan tətbiq edilən bu praktika pandemiyadan sonra Azərbaycanda da geniş və sürətli formada inkişaf etməyə başladı. Bu əməliyatlar zamanı operativliyin təmin olunduğunu  vurğulayan Pərviz Heydərov  deyir ki, bu halda vergidən yayınmaq qeyri-mümkündür.

“Nağdsız ödənişlər zamanı hökumət və dövlət tərəfindən pul vəsaitlərinin dövriyyəsinə alqı- satqı əməliyyatlarına geniş və dəqiq nəzarət etmək imkanı əldə olunur. Nağdsız ödənişlərin ən böyük üstünlükləri məhz bundan ibarətdir. Ümumiyyətlə, bütün ödənişlərin nağdsız şəkildə həyata keçirilməsi həm fiziki, həm hüquqi şəxslər, həm də hökumətin və dövlətin iqtisadi maraqları, mənafeyi üçün olduqca zəruri əhəmiyyət kəsb edir. Bundan başqa iri həcmdə alqı-satqı əməliyyatlarının nağd şəklində deyil, bank yolu ilə qeyri-nağd, köçürmə yolu ilə həyata keçirilməsinin tətbiqi özü çox effektiv bir vasitədir. Bu il avqustun 1-nə Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 2022-ci ilin analoji dövrü ilə müqayisədə 20 % artaraq 15 milyonu ötüb. Bu dövr ərzində ölkə daxilində bu kartlarla aparılan nağdsız ödənişlərin həcmi 2 dəfə artaraq 24 milyard manata çatıb. Ölkə daxilində kart ödənişlərində nağdsız dövriyyənin xüsusi çəkisi ötən ilin eyni dövrünə nisbətən 12,3 faiz bəndi artaraq 53 %-ə bərabər olub.Daha bir maraqlı göstərici isə bu gün POS-terminallarda aparılan hər 4 əməliyyatdan birinin "token" əməliyyatı, yəni mobil telefonlar və ya digər ağıllı cihazlar vasitəsilə olmasıdır. Bu statistik göstəricilər vətəndaşlarda həm nağdsız ödənişlərə marağın yüksəldiyinə və Azərbaycan əhalisinin innovasiyalara açıq olduğunu göstərir”.

Millət vəkili Vüqar Bayramov qeyri-nağd hesablaşmaları zamanı “ƏDV geri al” mexanizminin tətbiqi ilə məqamı xüsusilə vurğuladı.

Saytımıza açıqlamasında millət vəkili bildirdi ki, bu mexanizm çərçivəsində təxminən yarım milyard manata yaxın vəsait vətəndaşlarımıza geri qaytarılıb.

“Bütün bu faktlar vətəndaşlarımız üçün plastik kartlardan istifadəyə marağın artdığına sübutdur. 2023cü  ildən etibarən isə plastik kartlarla  alış-veriş edən zaman daha çox ödəniş həyata keçirilir.  Bu da təbii ki, nəticədə vətəndaşlarımızın plastik kartlardan istifadə etməklə ödənişlərin həyata keçirilməsinə marağının artmasına gətirib çıxarıb. Qeyd edim ki, Azərbaycanda plastik kartların sayında da artımlar var. Həm pandemiya dövrü, həm də son illər onlayn alış-verişə marağın güclənməsi  bütövlükdə nağdsız ödənişlərin həcminin atmasına səbəb olub. Bizim də təklifimiz odur ki,  bu sahədə infrastruktur daha da genişləndirilsin. Xüsusən də bölgələrdə plastik kartlardan istifadə ilə bağlı çətinliklər var. Orada əhalinin istifadəsinə verilən POS- terminalların sayı da azdır. Bu da plastik kartdan istifadəyə mane olur. Digər tərəfdən isə POS- terminallardan  istifadə ilə bağlı maarifləndirməyə və nəzarətin gücləndirilməsinə ehtiyac var. Gələcəkdə bu sahədə stimullaşdırıcı tədbirlərin genişləndirilməsi  nağdsız ödənişlərin həcminin daha yüksək faizlə artmasına gətirib çıxara bilər”.

Düzgün istifadə olunarsa, nağdsız hesablaşmalar vasitəsi mal və ya xidmət üçün daha etibarlı bir ödəniş üsuluna çevrilir. Vəsaitlərin itirilmə riski olmasa da, bank kartları ilə bağlı təhlükəsizlik və yaranmış risklərə qarşı vətəndaşların hüquqlarının müdafiəsi hər zaman sorğulanan problemlərdəndir.

Azərbaycanda bank kartları təhlükəsizliyi və bu sahədə olan vəziyyət ilə bağlı hüquqşünas Əkrəm  Həsənov bildirdi ki, bu məsələlərdə bəzən vətəndaşlar özləri günahkar olurlar.

“Elə adamlar var ki, kartın nömrəsini, pin kodunu, üstündəki yazıları digər üçüncü şəxslərə etibar edirlər. Tanınmayan internet saytlarda  alış-veriş edəndə  kart məlumatlarının yerləşdirilməsi nəticəsində həmin informasiya kiber dələduzların əlinə düşür. Bəzən bankın adından vətəndaşa zəng edilib kart məlumatları soruşulur. Hamı bilməlidir ki, kart hesabınız barədə banklarda məlumat olur və heç bir bank əməkdaşı tam formada bu bilgini telefon vasitəsi ilə soruşmur. Vəziyətdən məlumatsız olan vətəndaşlar kart bilgilərini qarşı tərəfə ötürdükləri zaman onların vəsaitləri kartlarından çıxarılır. Bəzən bankların İT və təhlükəsizlik sistemlərinin  günün tələblərinə cavab verməməsi onları hakerlərin açıq hədəfinə çevirir. Vətəndaşlar tövsiyəmiz odur ki, əsas pullarını saxladıqları bank kartları ilə alış-veriş və digər xərcləmələr etməsinlər. Bunun üçün alternativ başka kartlara müəyyən qisim köçürmə edib o formada istifadə etsinlər. Ümumiyyətlə “elektron banking” yəni internet bankçılıq vasitəsilə köçürmələr etmək də rahatdır. Vətəndaşlar əməliyatlarını əsas kartları ilə deyil ikinci kartları ilə etsələr daha çox əmanətlərini qorumuş olacaqlar. Bankların vəsaitlərin qorunması üçün SMS bildiriş xidmətləri mövcuddur. Bu elə də bahalı sayılmayan xidmət formasıdır. Bu sistemdən faydalanan zaman vətəndaşa balans və xərcləmələr barədə bildirişlər eyni zamanda təhlükəsizlik kodları göndərilə bilər. Bu da sizin hansısa gözlənilməz əməliyat zamanı qabaqcadan məlumatlandıracaqdır”.

Ən sərfəli kredit üçün müraciət et

Dünya ölkələri üzrə aparılmış bir sıra tədqiqatlar sübut edir ki, nağdsız hesablaşmalar iqtisadi artıma müsbət təsir edir. Avropanın nağdsız əməliyatlarda təhlükəsizlik məsələləri barədə saytımıza açıqlama verən Almaniyanın "Commerz" Bankının Maliyyə və Riskin İdarə olunması şöbəsinin aparıcı mütəxəssisi, iqtisadçı-ekspert Murad Calalov bildirdi ki, istənilən halda vətəndaşlar ehtiyatlı davranmağa məcburdurlar.

“Almaniyada bank əməliyatlarında köçürmələr zamanı Maestro kartdan daha çox istifadə edilir. Kartın üzərində ibanlar olur. Gündəlik limit 15 min avroya və ya dollara kimi qaldırmaq mümkündür. Limiti azaldıb-çoxaltmaq bankla həll edilir, amma 24 saat müddəti bitəndən sonra əməliyat təkrarlana bilər. Bu kart ən təhlükəsiz kartladan sayılır.  Bu sistemin qurulmasında məqsəd kart itən zaman ondan pul çəkmək və ya hansısa əməliyat aparılmasının qarşısını almaqdır. Kartın arxasında çox vaxtı ya imza olur ya da kod olur. Yəni kimsə marketdə ödəniş etmək istəsə ya pin kodu yazmalıdır ya da xüsusi monitora imza atmalıdır. Əks halda ödəniş qəbul edilməyəcəkdir. Ən çox istifadə edilən ikinci kart Maestro debit kartlardır. Onların  üzərində kartın nömrəsi,  arxa hissəsində isə CVC  nömrəsi olur. Bu kartların istifadəsi də geniş tətbiq edilsə də, daha çox “Apple pay”, “Google pay” üçün istifadə edilir. Bu zaman şəxsin siması tanındıqdan sonra əməliyatlara icazə verilir. Ümumiyyətlə, Avropada kartlarla istifadə zamanı diqqətli olmaq lazımdır. Kartı metroda, avtobuslardan istifadə zamanı çıxarıb üzünə baxmaq təhlükəlidir. Çünki hər yerdə kameralar var. Bu zaman hakerlərin diqqəti kartınıza tuşlana bilər. İngiltərə və İspaniyadan olan haker dəstələri xüsusilə onlayn alış-veriş edən zaman vətəndaşların kart bilgilərinə daha tez əldə etməyi bacarırlar. Onlar mobil telefonlara birbaşa müdaxilə edərək, son aldığınız məhsulla bağlı smslər göndərirlər. Həmin məlumatlarda yerləşdirilən linklərə toxunan zaman gün ərzində siz hiss etmədən hesabınızdan 50-60 avro silinməyə başlayır. Bu halda bank ödənişləri geri qaytarmır. Çünki vətəndaşların məhsuliyətsizliyi nəticəsində bu hal baş verib. Belə haker hücumlarından qorunmaq üçün xüsusi proqlamlardan istifadə etmək mümkündür. Siz banka əsaslı şəkildə sübutlar irəli sürsəniz o halda bank sizin pulunuzu qaytara bilər. Yəni hər bir halda bankların da müştərilərini məlumatlandırmalı olduğu sistem var. Bu sistemdə boşluqlar olarsa, vətəndaşlar hüquqlarını bərpa edə bilər”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram