“2021-ci ildə sosial ödənişlər üzrə cəmi xərclər 5 milyard 920 milyon manat olub. Bu, 2018-ci ilin 1 yanvarına münasibətdə 49 faiz artım deməkdir. Son 4 ildə sosial ödənişlər 1 milyard 951 milyon manat artıb”.
Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, pensiya xərcləri bu il 2017-ci illə müqayisədə 40 faiz artaraq 4 milyard 591 milyon manat olub. Müavinət xərcləri 2,1 dəfə artaraq 590 milyon manat olub. Təqaüd xərcləri 4,5 dəfə artaraq 417 milyon manat təşkil edib. Məcburi dövlət sosial sığorta haqları isə 32 faiz artaraq 125 milyon manat olub.
H. Məmişov qeyd edib ki, bu dövrdə minimum pensiya 82 faiz artaraq 110 manatdan 200 manata, orta aylıq pensiya 60 faiz artaraq 208 manatdan 331 manata çatıb. Yaşa görə pensiya 53 faiz (234 manatdan 358 manata), əlilliyə görə pensiya 67 faiz (175 manatdan 293 manata), ailə başçısını itirməyə görə sosial ödəniş isə 75 faiz (164 manatdan 287 manata) artıb.
Son 4 ildə müavinətin orta məbləği 95 faiz artaraq 61 manatdan 119 manata, müavinətin maksimum məbləği 65 faiz artaraq 91 manatdan 150 manata çatıb.
Həmin dövrdə təqaüdün maksimum məbləği 54 faiz artaraq 1300 manatdan 2000 manata, ünvanlı dövlət sosial yardımı 81 faiz artaraq 149 manatdan 270 manata, yaşayış minimumu 26 faiz artaraq 155 manatdan 196 manata, ehtiyac meyarı isə 47 faiz artaraq 115 manatdan 170 manata çatıb.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!