2016-cı il üzrə Azərbaycanda 67 522 məcburi audit obyektindən 1 522-si (2,3%-i) auditdən keçib.
Bu barədə Auditorlar Palatasına istinadən xəbər verilir.
Məlumata görə, bu rəqəm 2015-ci ildə 1 770 və yaxud məcburi audit obyektlərinin 2,7%-i qədər olub. Başqa sözlə, auditdən keçən təsərrüfat subyektlərinin sayında 0,4% azalma olub.
Ötən il auditdən keçmə faizi səhmdar cəmiyyətləri üzrə 18,4%-dən 16,2%-ə, məhdud məsulliyətli cəmiyyətlər üzrə 1,2%-dən 0,8%-ə düşüb, bələdiyyələr üzrə isə 37,2%-dən 41,1%-ə qalxıb. Bu nisbət banklar və sığorta şirkətləri üzrə 100%, siyasi partiyalar üzrə 21,8% olub və dəyişməyib.
2016-cı il ərzində bağlanmış müqavilələr üzrə 47,706 mln. manatlıq 2 663 iş yerinə yetirilib. Yerinə yetirilmiş müqavilələrin məbləğinə görə xarici auditor təşkilatlarının filial və nümayəndəliklərinin (“Böyük dördlük”) payı 75,3%- dən 72,9%-ə qədər azalıb. Qeyd edək ki, hesabat dövründə təsərrüfat subyektləri ilə 56,862 mln. manatlıq 3 540 müqavilə bağlanıb.
Mənbə: Report.az