Azərbaycanda öz biznesini qurmaq istəyənlər daha çox hansı sahələrə üz tuturlar? | Banco.az

Azərbaycanda öz biznesini qurmaq istəyənlər daha çox hansı sahələrə üz tuturlar?

Müasir dünyada insanların əksəriyyəti hər hansı bir şirkətdə sıravi işçi kimi çalışmaq əvəzinə, öz biznesini qurmağa, onun sahibi olmağa çalışır. Bu biznes kiçik və az gəlirli olsa belə. Bu mənada Azərbaycan vətəndaşları da istisna deyil.

Biznes qurmaq, öz işinin sahibi olmaq istəyənlərin arzuları müəyyən mənada eynidir: daha az yatırım edib, böyük mənfəətə sahib olmaq. Bu arzu olduqca təbii və həm də əlçatmaz görünə bilər. Amma ətrafında düşünməyə də dəyər.

Kiçik biznes sahiblərindən ölkəmizdə dəbdə olan biznes sahələrinin hansılar olduğunu araşdırılıb.

Məlum oldu ki, az xərclə öz işini qurmağa çalışanlar arasında ticari münasibətlərə üz tutanlar üstünlük təşkil edir. Xarici dövlətlərdən ölkəmizə məhsullar gətirərək satışını icra edənlər arasında həm onlayn, həm də ənənəvi qaydada fəaliyyət göstərənlər var. Gətirilən malların çeşidi isə istehsalçı ölkələrə uyğun olaraq fərqlənir. Məsələn, qonşu Türkiyədən daha çox geyim, tekstil məhsulları alınıb satışa çıxarılır. Çin bazarından mal gətirənlər isə daha çox xırdavat, bəzək əşyaları, məişət avadanlıqlarına üstünlük verirlər.

Ölkədə fəaliyyət göstərən biznes sahələri arasında müxtəlif növ iaşə obyektlərini qeyd etməyə də dəyər. Oyun klubları, kompüter salonları bu mənada yeni sahə olmasa da, hələ də aktuallığını itirməyiblər.

O cümlədən, kiçik kafelər, qəlyanaltı obyektləri də olduqca gəlir gətirən sahələr arasında olacaq.

Üz tutduğumuz biznesmenlərdən biri – gözəllik salonunun sahibi öz işini necə qurmasından söz açıb, xərc və mənfəəti haqqında məlumat verdi:

“Ümumiyyətlə, avadanlıqların hamısı yerli ticarət obyektlərindən alınıb, mebellər də yerli ustalar tərəfindən hazırlanıb. Kvadratmetrindən asılı olaraq təmirə çıxan pulu hesablamaq olar. Minimal olaraq 10 000 manat nəzərdə tuta bilərsiniz. Obyekti icarəyə götürmüsünüzsə, əraziyə və sahəsinə görə bu qiymət dəyişir. Ortalama aylıq gəliri 250 manatdan hesablasaq, illik 3 min manat qazanca arxayın ola bilərsiniz. Bunun da təxminən 500 manatı cari təmirə gedəcək”.

Ekspert Eldəniz Əmirov hesab edir ki, daha az pul xərcləməklə yaradılan biznes sahələri birmənalı olaraq mikrosahibkarlıq istiqamətində olan sahələrdir:

“Bu gün lazımi şəkildə mikrosahibkara çevrilib fəaliyyətini düz quran sahibkar bir müddət sonra kiçik sahibkara, daha sonra orta sahibkara çevrilə bilər. Uzunmüddətli bir dövr üçün onun iri sahibkara çevrilmək potensialı var”.

E.Əmirov bildirib ki, konkret olaraq az pul xərcləyərək hansısa biznes sahəsihə başlamaqdan söz gedirsə, ümumiyyətlə pul sərf etmədən də dövlətin özünüməşğulluq proqramına qoşulmaq olar:

“Bunun üçün işsiz statusuna malik olmaq lazımdır. Daha sonra Dövlət Məşğulluq Agentliyinə müraciət olunur. Oradan isə şəxs ehtiyacı olan avadanlıqlarla təchiz olunaraq işə başlayır”.

Ekspertin sözlərinə görə, mikro, kiçik və orta sahibkarlara ölkəmizdə dəstək olan qurumlardan biri də Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA). Bu qurum tərəfindən mikrosahibkarlar üçün pulsuz təlimlər keçirilir, onlara biznes planın yazılmasında yardım olunur, onların satışlarına dəstək mexanizmi bu qurum tərəfindən keçirilir. Eyni zamanda, müəyyən təsərüffat qurumları var ki, onlara startap şəhadətnamələri verilir. Bu şəhadətnamədən sonra sahibkar üç il ərzində gəlir və mənfəət vergisindən azad edilir.

Ən sərfəli kredit üçün müraciət et

“Respublikamızın 21 regionunda KOBİA dəstək mərkəzləri fəaliyyət göstərir. Bundan başqa, respublikanın 29 şəhər və regionunda qurum tərəfindən yaradılan “KOB dostu” ofisi var. Bunlar tərəfindən biznes qurmaq istəyənlərə, mikrosahibkarlara yardım edilir.

Bu gün ölkəmizdə mikrosahibkarlara birbaşa kömək edən və hətta lazım gələrsə, onun probleminin həlli üçün digər qurumlara üz tutan yeganə qurum elə KOBİA-dır”, - deyə ekspert qeyd edib.

Qeyd edək ki, Azərbaycan dövləti də kiçik sahibkarlığın inkişafına təkan verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən önəmli aktiv məşğulluq istiqamətlərindən biri özünüməşğulluq proqramıdır. Özünüməşğulluq proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən kiçik biznesə başlamaq üçün istəyi, minimum potensialı, bacarıqları, təsəvvürü olan əmək qabiliyyətli, həmçinin məhdud əmək qabiliyyətli şəxslərin dövlətin dəstəyi ilə öz ailə təsərrürfatlarını, kiçik bizneslərini yaratmalarına dəstək göstərilir. Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara kənd təsərrüfatı üzrə (iribuynuzlu, xırdabuynuzlu heyvandarlıq və arıçılıq) istehsal və xidmət istiqamətləri üzrə aktivlər təqdim edilir.

Proqramın əhatə dairəsinin genişləndirilməsi və yeni özünüməşğulluq istiqamətlərinin yaradılması məqsədilə beynəlxalq və yerli qurumlarla əməkdaşlıqlar həyata keçirilir. Dünya Bankı ilə birgə “Azərbaycanda məşğulluğa dəstək” layihəsi həyata keçirilir. 22 min işsiz şəxsin cəlb ediləcəyi layihənin iştirakçıları üçün kiçik bizneslərini qurmaları üçün dəstək göstəriləcək. Dövlət Məşğulluq Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə həyata keçirdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi də özünüməşğulluq proqramına dəstək məqsədilə həyata keçirilir. Proqram çərçivəsində digər istiqamətlər olaraq “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi, “Biznesini yarat marafonu”, “Məktəbim” layihəsi, “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsi, “Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması” layihəsi, “Ağıllı kənd” layihəsi və s. icra olunur.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et