Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Menecment, bir təşkilatın resurslarını səmərəli və effektiv şəkildə planlamaq, təşkil etmək, rəhbərlik etmək və nəzarət etmək prosesidir. Təşkilatın məqsədlərinin müəyyən edilməsi və bu məqsədlərə çatmaq üçün strateji yolların hazırlanması da menecmentin əsas prinsiplərinə aiddir.
Banco.az xəbər verir ki, marketoloq Şahpur İbrahimov Azərbaycanda menecment yanaşması barədə açıqlama verib. O, bu yanaşmanı üç növə ayırıb:
“Şirkətlərdə müasir menecment yönümlü yanaşma sərgiləndiyi halda, Agile, Project Management və digər müasir idarəetmə metodologiyaları tətbiq edilir. Belə şirkətlərdə əməkdaşların motivasiyası nəzərə alınır, fərdi inkişafına və karyera yüksəlişinə şərait yaradılır, müstəqil qərar qəbul etməyə və yaradıcı yanaşmağa imkan verilir.
Konservativ idarəetmə metodologiyalarının tətbiqi zamanı əsasən qohumlar və tanışlar “TOP” və “middle management” vəzifələrini tuturlar. Belə şirkətlərdə əməkdaşlarının karyera yüksəlişi və fərdi inkişaf imkanları məhduddur, innovativliyinə və müstəqilliyinə önəm verilmir, qərar vermə hüquqları yoxdur. Adətən bu yanaşma, inkişafa deyil, sabitliyə fokuslanır. Bəzi şirkətlərdə isə müasir görünsə də, əməldə 1990-cı illər menecment idarə üsulu var. Bu yanaşmada şirkətlər müasir menecment metodlarından bəhs etsələr də, əslində hələ də köhnə üsullarla idarə olunurlar.
Rəhbərlik innovativlik haqqında danışsa da, əməldə qərar qəbul etmə mərkəzləşdirilmişdir; əməkdaşların müstəqilliyi və yaradıcılığı isə məhdudlaşdırılır. Belə şirkətlərdə rəhbərlər müasirlikdən danışır, amma konservatizm stilində idarə edirlər.”
Bəs bu halda işçilər hansı qərarı verməlidir? Ekspert qeyd edib ki, karyera inkişafı mütləq nəzərə alınmalıdır:
"Birinci tip şirkətdə işləyənlər sevinməlidirlər. İkinci tip şirkətdə isə karyera inkişafınız yoxdursa, təcrübə toplayıb sonra yeni iş tapmaq lazımdır. Əgər üçüncü tip şirkətdə çalışırsınızsa, qaçış yolları haqqında düşünmək lazımdır. Dəyər verən və inkişaf çox güman ki, olmayacaq".