Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatının maliyyə və sığorta fəaliyyəti sahəsində muzdla çalışan işçilərin sayı 26,7 min nəfər, onların orta aylıq nominal əmək haqqı 1 202,2 manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə maliyyəçilərin sayında 4,6 min nəfər və ya 15% azalma olub. 2015-ci ilin müvafiq dövründə işçilərin sayı 31,3 min nəfər, onların orta aylıq nominal əmək haqqı isə 1 205,8 manat təşkil edib.
Statistikaya əsasən, son 26 il ərzində maliyyə sahəsində muzdla çalışan işçilərin sayında ən aşağı göstərici isə 1998-ci ildə (5,4 min nəfər) qeydə alınıb. Bu göstərici 2005-ci ildə 18,1 min nəfər, 2010-cu ildə 24,4 min nəfər, 2011-də 26,3 min nəfər, 2012-ci ildə 26,9 min nəfər, 2013-cü ildə 30,6 min nəfər, 2014-cü ildə 32,8 min nəfər, 2015-ci ildə 33 min nəfər təşkil edib.
Rəsmi statistikaya əsasən, 2014-cü ildə maliyyə və sığorta fəaliyyəti üçün 6 785 nəfər işə qəbul edilib, 4 403 nəfər işdən kənarlaşdırılıb. Bunlardan 3 484 nəfəri öz xahişi ilə işdən çıxıb, 204 nəfəri ixtisara düşüb, 715 nəfər isə digər səbəblərə görə peşəsindən əl çəkib.
Son nəticə bu ilin ilk 7 ayında maliyyə və sığorta sahəsində çalışanların sayı 6,3 min nəfər və ya 19,1% azalıb.
Xatırladaq ki, sentyabrın 1-nə olan məlumatlar oktyabrın ikinci yarısında açıqlanacaq.
Mənbə : Report.az