Azərbaycanda kreditlərə tələbin artması nə ilə əlaqədardır? | Banco.az

Azərbaycanda kreditlərə tələbin artması nə ilə əlaqədardır?

Bu ilin II rübündə Azərbaycan banklarında biznes kreditlərinə tələb 15%, ipoteka kreditlərinə tələb 23%, istehlak kreditlərinə tələb isə 29% artıb.

Bu, Mərkəzi Bankın kreditləşmə fəaliyyətinə dair sorğusunun nəticələrində qeyd edilib.

Nəticələrə görə, bu ilin III rübündə banklar biznes kreditlərinə tələbin 19%, ipoteka kreditlərinə tələbin 23%, istehlak kreditlərinə tələbin isə 13% artacağını gözləyirlər.

Kreditlərə, xüsusilə ipoteka kreditlərinə tələbin artması nə ilə əlaqədardır?

Bunu Banco.az-a şərh edən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, Azərbaycanda iqtisadiyyatın fəsilliliyi məsələsi var: "Dövlət büdcəsinin təsdiqi, açılmasının bir qədər ləngiməsi və icrasına başlanması adətən birinci rübdən sonra baş verir.

Həm də insanlar dördüncü rübdən - bayram tətillərindən sonra xərcləməyə az meyilli olurlar.

Layihələrin təsdiqi də adətən birinci rüb ərzində olur, yəni ipoteka fonduna vəsaitlərin ayrılması, bankların növbəti il üçün layihələrə start verməsi müəyyən vaxt alır. Aktivlik əsasən ikinci rübdən etibarən hiss olunur".

İqtisadçı qeyd edib ki, 2021-2022-ci illərdə Azərbaycanda sürətli inflyasiya baş verib: "Dövlət də bunun qarşısını almaq üçün minimum əməkhaqqını və pensiyanı artırıb. Ola bilər ki, real ifadədə əhalinin gəlirləri artmayıb, amma nominal ifadədə artıb. Mərkəzi Bank statistikanı nominal rəqəmlərlə müqayisədə verir və bu rəqəmlərə istinad edir. Kreditlərə tələbin artmasına səbəb bu artımların fevral ayından etibarən hiss olunmağa başlaması, iqtisadi aktivliyin ikinci rübdən etibarən daha da genişlənməsidir. Əsas səbəblər bunlardır.

Ən sərfəli kredit üçün müraciət et

Ölkədə iqtisadi artım səviyyəsi arzuolunan səviyyədə deyil. İqtisadi artım göstəriciləri aşağıdır, xüsusilə neft sektorunda iqtisadi geriləmə müşahidə olunub. İqtisadi artım ölkəmizdə qonşu ölkərlə müqayisədə daha aşağıdır".

X. Kərimlinin sözlərinə görə, ipoteka kreditlərinə tələbin artması həm də bankların daxili resursları hesabına kommersiya əsaslı ipoteka kreditləri verməsinə başlamasıdır: "Bu sahədə də aktiv rəqabət baş verir. Bir sıra banklar var ki, İKZF-nin fazilərinə yaxın olan fazilərlə (7-8%-lə) öz resursları hesabına ipoteka kreditləri verirlər. Həm də daha rahat və əlçatan şərtlərlə. Digər tərəfdən də bankların likvid resursları çoxdur. Ötən il də deyildiyi kimi 5 milyard manata yaxın resurs var ki, banklar bunu rahat yerləşdirə bilmirlər. Rəqabət var və buna görə də banklar daha aktiv formada resurslarını yerləşdirməyə çalışırlar".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et