Azərbaycanda kreditlər ucuzlaşır | Banco.az

Azərbaycanda kreditlər ucuzlaşır

2014-cü il aprelin 1-nə olan vəziyyətə görə Azərbaycan bankları ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə milli və xarici valyutada kreditlər üzrə faiz dərəcələrini aşağı salıblar.

Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatına istinadən verilən məlumata görə, hesabat dövründə milli valyutada Azərbaycan iqtisadiyyatının bank kreditləşməsi üzrə orta faiz dərəcəsi 14,45 faiz təşkil edib. Bu rəqəm 2013-cü il aprelin 1-nə 14,85 faizə bərabər olub. Sərbəst dönərli valyutada (SDV) bank kreditləşməsi üzrə orta faiz dərəcəsi 14,79 faiz təşkil edib. 2013-cü ilin aprel ayının əvvəlinə bu göstərici 15,30 faiz olub.

2014-cü il aprelin 1-nə milli valyutada fiziki şəxsin bank kreditləşməsi üzrə orta faiz dərəcəsi 17,9 faiz olub. Ötən il aprelin 1-nə isə bu göstərici 18,61 faiz təşkil edib. SDV-də fərdi müştərinin bank kreditləşməsi üzrə orta faiz dərəcəsi 20,38 faiz olub. 2013-cü il aprelin əvvəlinə bu rəqəm 21,6 faiz təşkil edib.

2013-cü il iyulun 1-nə milli valyutada hüquqi şəxsin bank kreditləşməsi üzrə orta faiz dərəcəsi 11,57 faiz olub. Ötən il aprelin 1-nə isə bu göstərici 12,35 faiz təşkil edib. SDV-də korporativ müştərinin bank kreditləşməsi üzrə orta faiz dərəcəsi 10,97 faiz olub. 2013-cü il aprelin əvvəlinə bu rəqəm 12,45 faiz təşkil edib.

Azərbaycanda kreditlərin böyük hissəsi ev təsərrüfatlarına verilir. AMB-nin məlumatına görə, 2014-cü ilin birinci rübünün yekunları üzrə ev təsərrüfatlarına 40,8 faiz və ya 6510,2 milyon manat kredit verilib.

İkinci yerdə ticarət və xidmət (14,3 faiz və ya 2272,8 milyon manat kredit), üçüncü yerdə isə tikinti və daşınmaz əmlak sahəsi (13,1 faiz və ya 2095,9 milyon manat) qərarlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: milli.az

Ən sərfəli krediti almaq üçün müraciət et