Azərbaycanda karbon dioksid emissiyası üzrə vəziyyət necədir? | Banco.az

Azərbaycanda karbon dioksid emissiyası üzrə vəziyyət necədir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Avropa Komissiyasının araşdırmalarına görə XX əsrin əvvəllərində hər il havaya 2 milyard ton karbon dioksid qazı (CO2) atılırdısa, 2022-ci ildə bu göstərici 37.15 milyard ton olmuşdur. 2023-cü ilin sonuna bu rəqəmin 37.55 milyard ton olacağı gözlənilir”.

Banco.az xəbər verir ki, bu fikirləri iqtisadçı Elman Sadıqov deyib.  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvesiyasına Tərəf Dövlətlərin (The Conference of Parties) 29-cu Konfransının (COP-29) Bakıda keçirilməsi barədə danışan iqtisadçı xatırlatdı ki, qəbul olunmuş razılığa əsasən, qlobal istiləşməni sürətləndirən karbon dioksidin (CO2) havaya buraxılması həcminin 2025-ci ildə 2005-ci ildəki həcmə nisbətdə 28% və 2030-cu ildə isə 45% azaldılması planlaşdırılır.

“Enerji və sənaye sektorlarında istixana effekti yaradan bu qazların 36.7%-i təkcə Çinin (2021-ci ildə 11 milyard 336 milyon ton) payına düşür. 2021-ci ilin nəticələrinə görə növbəti 4 top ölkə: ABŞ (5 milyard 032 milyon ton), Hindistan (2 milyard 674 milyon ton), Rusiya (1 milyard 712 milyon ton),  Yaponiya (1 milyard 602 milyon ton). Ümumiyyətlə 10 ölkə bütün karbon dioksid emissiyasnda 67%-lik “paya” sahibdir.   Qeyd olunanlar nəzərə alındıqda, məhz inkişaf etmiş ölkələrin iqlim dəyişikliyinə qarşı layihələri maliyyələşdirmələri nəinki təbiidir (bəzən kiçik ölkələrə qarşı daha sərt tələblər irəli sürülür və ya layihələri maliyyələşdirmək bir lütf kimi təqdim olunur), hətta bu istiqamətdə daha çox işlər görməyə və məsələyə daha çox maliyyə ayırmağa borcludurlar”.

Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir?

Bu suala cavab olaraq E.Sadıqov vurğuladı ki, Azərbaycanın karbon dioksid emissiyası üzrə trendinə nəzər salsaq görürük ki, 1990-cı ilə nisbətdə kifayət qədər azalma var:

Ən sərfəli kredit üçün müraciət et

“Buna səbəb Sovet dövründə mövcud olmuş bir sıra sənaye müəssisəsələrinin və 1990-cı ildən sonra ölkədə olan istilikxanaların bağlanması ilə əlaqədardır.

Nəzərə alsaq ki, bütün dünyada karbon dioksid (CO2) emissiyası 1990-cı ildən indiyə qədər 60%-dən çox artıb, Azərbaycanın bu göstərici üzrə kifayət qədər böyük azalma nümayiş etdirməsi əlbəttə təqdirəlayiqdir”. 

Azərbaycanda karbon dioksid (CO2) emissiyası:

1990 – 58 milyon ton

1999 – 26 milyon ton

2005 – 30 milyon ton

2010 – 25 milyon ton

2018 – 35 milyon ton

Ekspert deyir ki,  bu göstərici müsbət olsa da, arxayınlaşmaq olmaz. Ekspertin fikrincə, qlobal iqlim dəyişikliyinin təsirini azaltmaqda bizim kimi kiçik ölkənin imkanları məhdud olsa da, ölkəmizdə hava çirkliliyinin azaldılması öz əlimizdədir və hər bir Azərbaycan vətəndaşının bu sahədə töhfəsi ola bilər: “Məsələn, qazdan qənaətlə istifadə etmək, avtomobilin təkər(lər)inin havası azdırsa, onu vaxtında normaya çatdırmaq. Avtomobilin yanacaq sistemini saz vəziyyətdə saxlamaq, qazdan qənaətlə istifadə etmək və sair. Çünki A nöqtəsindən B nöqtəsinə getmək üçün avtomobilinizin nə qədər yanacaq yandırıb havaya karbon dioksid buraxması qeyd etdiyim və etmədiyim bir çox amillərdən asılıdır. Bu məsələlər bizə xırda görünsə də, milyonlarla avtomobillərdə ən cüzi dəyişikliyin ekologiyaya təsirini təsəvvür edə bilərik. Böyük yolun qət edilməsi kiçik addımlardan başlayır”.

Ən sərfəli krediti almaq üçün müraciət et