Azərbaycanda kapital bazarı modernləşdiriləcək | Banco.az

Azərbaycanda kapital bazarı modernləşdiriləcək

Kapital bazarının iştirakçıları üçün Treninq mərkəzinin yaradılması Azərbaycanın qiymətli kağızlar bazarında etibarlılıq səviyyəsinin artırılmasına kömək edəcək.

Bu barədə mərkəzin açılış mərasimində Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşenko məlumat verib.

Treninq mərkəzi Azərbaycanda kapital bazarının modernləşdirilməsi məqsədilə Dünya Bankı layihəsi çərçivəsində yaradılmışdır.

Dünyanın aparıcı ölkələri institusional inkişafa, infrastrukturun və insan kapitalının təkmilləşdirilməsinə investisiya yatırmaqla iqtisadiyyatın diversifikasiyasına (şaxələndirilməsinə) nail olmuşlar. Yenicə yaradılmış Treninq mərkəzi vasitəsilə bütün bu komponentlər üzrə işləri icra etmək mümkün olacaq", - Leşenko bildirib.

Onun sözlərinə görə, mərkəz ortamüddətli perspektivdə ölkə ərazisində maliyyəyə çıxışın təmin olunması üçün yeni alternativ metodların inkişaf etdirilməsinə şərait yaradacaq.

Ən sərfəli kredit üçün müraciət et

"Müasir dövrdə iqtisadiyyatın şaxələndirilməsinə mane olan əsas amillərdən biri maliyyəyə məhdud çıxışın olmasıdır. Hal-hazırda 1 il ərzində yüksək fazi dərəcələri ilə pul əldə etmək elə də çətin deyil, amma real sektor üçün tələb olunan şərt bu deyil", deyə Leşenko qeyd edib.

Dünya Bankı kapital bazarının modernləşdirilməsi layihəsinin həyata keçirilməsi üçün Azərbaycana 12 milyon dollar məbləğində kredit ayırıb. Layihənin maliyyələşdirilməsi  Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının kredit resursları hesabına həyata keçiriləcək.

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) Azərbaycanda kapital bazarının inkişafı layihəsi çərçivəsində iki komponent üzrə 1.6 milyon dollar məbləğində texniki yardım ayrılması fikrinə öz razılığını bildirib. Sözügedən 2 komponent sırasına isə qanunvericilik bazasının təkmilləşdirilməsi və bazar təkliflərinin stimullaşdırılması üzrə yeni maliyyə alətlərinin hazırlanması daxildir.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et