Azərbaycanda 2016-cı ildə işsiz statusu alan kişilər 61,9 faiz, eyni statusda olan qadınlar isə 38,1 faiz təşkil edib. Müqayisə üçün bildirək ki, 2012-ci ildə işsiz statusu alan kişilər 57,9 faiz, 2013-cü ildə 58,5 faiz, 2014-cü ildə 60,6 faiz, 2015-cü ildə 61,4 faiz təşkil edib. İşsiz statusu alan qadınlar 2012-ci ildə 42,1 faiz, 2013-cü ildə 41,5 faiz, 2014-cü ildə 39,4 faiz, 2015-ci ildə 38,6 faiz, 2016-cı ildə 38,1 faiz təşkil edib. Statistika Komitəsindən "Cümhuriyət” qəzetinə verilən məlumata görə 2017-ci ilin yekununa dair işsizlik səviyyəsinin statistikasının hesabatı hazırlanır.Hazır olduqda ictimaiyyətə xəbər veriləcək.
Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycanda sosial müdafiənin təmin edilməsi üsullarından biri də onlara işsizlik müavinətinin verilməsidir."Məşğulluq haqqında" Qanuna əsasən, işsiz statusunu ölkənin məşğulluq mərkəzlərindən almaq olar. Əgər bu mərkəzlərdən birində qeydiyyata düşən şəxsə 10 gün ərzində iş təklifi edilməzsə, ona işsiz statusu verilir və müvafiq qaydada müavinət təyin edilir. Bu zaman işsizliyə görə müavinət bir sıra meyarlara əsasən təyin edilir və onun sonuncu iş yerindəki orta aylıq əməkhaqqının 70 faizinədək ola bilər.
Rəsmilər Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsinin inkişaf etmiş ölkələrdən də aşağı olduğunu deyir. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun 2017-ci ilin iyun ayında olan çıxışında Azərbaycanda işsizliyin səviyyəsinin 5 faizə qədər endiyini, əhalinin gəlirlərinin 8 dəfə artdığını bildirmişdi. Nazir insanların əmək hüququnun qanunvericilik bazasında da yer aldığını vurğulamışdı. O, bu istiqamətdə ölkə başçısı tərəfindən son 13 ildə 81 fərman və sərəncam imzalandığını da qeyd etmişdi. O həmçinin çıxışında 2 milyon 330 min vətəndaşa hər ay 316 milyon manatdan çox vəsait ödənildiyini, bunun da ölkə əhalisinin 23,7 faizini əhatə etdiyini açıqlamışdı.
Ölkədə rəsmi və qeyri rəsmi məlumatlar bir-birini təkzib edir.Müstəqil ekspertlər hesab edir ki, ölkədə məşğulluğun və yoxsulluğun real səviyyəsi yüksəkdir. Danılmaz faktdır ki, Azərbaycanda işsiz statusu almaq iş tapmaqdan daha çətindir.
Qeyd edək ki, Azərbaycanda işsiz gənclərə əlavə iş yerləri yaradan şirkətlərin həvəsləndirilməsi mexanizmi yaradılır. Bu məqsədlə Gənclər Fondu gənclərin innovativ layihələrinin maliyyələşdirilməsi üçün banklara güzəştli kreditlər ayıracaq. Azərbaycanda işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənlər həvəsləndiriləcək.
Bu, Azərbaycan prezidenti İlham Əliyevin martın 7-də imzaladığı "Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanına əsasən yaradılmış "Azərbaycan Respublikasının Gənclər Fondu” (ARGF) publik hüquqi şəxsin Nizamnaməsində əksini tapıb.
ARGF publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında yaradılıb.Ancaq ARGF-nun Nizamnaməsinə əsasən işəgötürənləri həvəsləndirmək vəzifəsi olmayıb. Yeni yaradılmış "Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin Nizamnaməsində isə qeyd edilib ki, gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə işəgötürənlə bağlanmış razılaşma müqaviləsinə uyğun olaraq, gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində gənclərə ödəniləcək əməkhaqqı 1 ildən çox olmayan müddət ərzində Fondun vəsaiti hesabına qismən maliyyələşdiriləcək.
Eyni zamanda gənclərin təqdim etdikləri innovativ layihələrin (startap) maliyyələşdirilməsi üçün Fondun vəsaiti (qrantlar istisna olmaqla) hesabına ölkə başçısının müəyyən etdiyi qaydada müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsilə güzəştli kreditlər ayrılacaq.Fondun vəsaiti hesabına güzəştli kreditin alınması ilə bağlı müvəkkil kredit təşkilatlarının müraciətlərinə baxılacaq və keçiriləcək ekspertizanın rəyindən asılı olaraq, həmin müraciətlərin təmin olunması və ya imtina edilməsi barədə müvafiq qərarlar qəbul ediləcək.
İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda statistika siyasiləşib:
"İqtisadiyyatda statistika həkimin xəstəyə diaqnoz qoyması kimi çox vacib elementdir. Statistik rəqəmlər nə qədər dəqiq olarsa, iqtisadiyyatda yaranan problemləri öncədən görməyə və anında müxtəlif alətlərlə müdaxilə etməyə imkanlar yaranır.Çox təəssüf ki, Azərbaycanda statistika hökumətin siyasi ritorikasına uyğunlaşdırılıb.Əgər küçədə Azərbaycanda işsizlik səviyyəsinin 5 faiz olması ilə bağlı sorğu keçirsək, 10 nəfərdən 9-u buna inanmayacaq.Bu, inandırıcı statistika deyil, çünki ölkədə işsizlik səviyyəsi çox yüksəkdir.Azərbaycanda işsiz statusu almaq üçün rəsmi müraciət edən və müraciətinə müsbət cavab verilən şəxslərə işsiz deyilir.Bu, doğru yanaşma deyil.Çünki dünya praktikasında işsizliyin ölçülməsi üçün ciddi indikatorlar mövcuddur.Azərbaycanda bu indikatorlardan istifadə olunmur.Təbii ki, ölkə statistikasının siyasi olduğunu hökumət hər kəsdən yaxşı bilir.Bu tipli fərmanların verilməsi, stimullaşdırıcı tədbirlər kimi əslində çox müsbət addımdır. Hər hansı vergi güzəştlərinin olması, kredit xətlərinin açılması və yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması doğru yanaşmadı. Eyni zamanda bu bir etirafdır ki, Azərbaycanda işsizlik durumu rəsmi rəqəmlərlə göstərilən səviyyədə deyil. Ölkədə daha ciddi gizli işsizlik var. Gizli işsizliyin də sosial gərginliyə səbəb olma ehtimalı var. Sosial gərginliyin azaldılması üçün bu cür addımların atılması, yeni iş yerlərinin yaranması stimullaşdırılır. Rəsmi statistika ilə reallıq arasında ciddi fərq var”.
İşsizlik statusunualmağın rahat mexanizmi necə olmalıdır?
İqtisadçı qeyd edib ki, dünya ölkələrində işsizlik statusunu almağın praktikası fərqlidir:
"Avropa ölkələrində işsiz olduğunu bildirmək üçün online qaydada ərizə göndərmək kifayət edir. İşsizliyin qeydiyyata alınması, ona yeni işin təklif olunması və işsizliklə bağlı müavinətin verilməsi çox asanlıqla həll olunur.Buna görə də Almaniya dünyanın ən inkişaf etmiş ölkəsindən biri olmasına baxmayaraq rəsmi işsizlik səviyyəsi Azərbaycandan 2 dəfə çoxdur.Bu o deməkdir ki, orada işsizlərin qeydiyyatı ilə bağlı ciddi mexanizmlər hazırlanıb.Amerikada da eyni situasiya var. Belə ki, ölkədə nəinki aylıq və ya illik, işsizlərlə bağlı həftəlik statistika aparılır.Hər ştatın məşğulluq idarələrində işsizliklə bağlı qeydə alınan müraciətlər hər həftənin cümə axşamı rəsmi açıqlanır.
İşsizliklə bağlı dəqiq məlumatlar hökumətin özünə lazımdır.Ölkədə işsizləri qeydiyyata almaq üçün elektron qaydada variantlara üstünlük verilə bilər.Avropanın bir sıra ölkələrində sivil toplumlar çox aktivdir və hökumətlə işbirliyindədir.Çox təəssüf ki, Azərbaycanda sivil topluma qarşı sanki bir düşmən obrazı yaradılıb.Əslində dünyanın hər yerində sivil toplumlar hökumətin pulsuz köməkçisi və məsləhətçisi olur.Sivil toplumlar həmçinin nəzarət mexanizmini həyata keçirir.Bundan əlavə qeyri-qanuni yolla işsiz statusu almaq istəyən və işləmədən müavinət alacaq olanların üzə çıxmasında yardımçı olur.Azərbaycan bu pozitiv mexanizmlərdən istifadə edərək həm elektron qaydada müraciətləri, həm sivil toplumun nəzarət funksiyalarına cəlb olunmasını tətbiq edə bilər. Bu tip mexanizmlər işlənib hazırlanmalıdır ki, işsizliklə bağlı normal statistik rəqəmlər əldə olunsun. Bu, hökumətə imkan verir ki, hansı bölgədə işsizlik daha çoxdursa, orada sosial layihələrin həyata keçirilməsi sürətlənsin”.
Qaynarinfo.az