Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ötən gün keçirdiyi hərracda ilk dəfə olaraq vətəndaşlar onlayn qaydada iştirak ediblər.
Bu barədə Komitənin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, istifadəyə verilmiş “Elektron hərrac” xidməti hal hazırda nəqliyyat vasitələrinin və avadanlıqların elektron hərrac vasitəsilə özəlləşdirilməsi prosedurunu özündə birləşdirir. Gələcəkdə isə bu prosesin əhatə dairəsi genişləndirilərək kiçik dövlət müəssisə və obyektləri, səhmdar cəmiyyətlərinin də elektron hərrac vasitəsilə özəlləşdirilməsini mümkün edəcək. Bu istiqamətdə artıq müvafiq proqramlaşdırma işləri də həyata keçirilir. Tətbiq olunan bütün bu innovativ tədbirlər ölkə prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 19 iyul 2016-cı il tarixli fərmanının icrası məqsədi ilə həyata keçirilir.
Belə ki, iyulun 4-də keçirilmiş hərraca çıxarılan 2007-ci il buraxılış "QAZ 3102" markalı avtomobil nəqliyyat vasitəsinin özəlləşdirilməsi üçün əvvəlcədən onlayn olaraq bir neçə istifadəçi qeydiyyatdan keçib. “Elektron hərrac” xidməti vasitəsilə qeydiyyatdan keçən istifadəçilər hərrac keçirilən vaxt olduqları məkandan heç bir yerə ayrılmadan, sadəcə e-emdk.gov.az saytında müvafiq bölməyə daxil olmaqla hərracda iştirak ediblər. Hərracda start qiyməti 2000 manat olaraq təklif edilən maşın rəqabətli keçən elektron hərrac nəticəsində 4200 manata özəlləşdirilib. Nəqliyyat vasitəsinin rəqabətli hərracında ən yüksək qiymət təklif etmiş iştirakçı qalib elan edilib. Elektron hərracda satılmış nəqliyyat vasitəsi müvafiq qurumlar tərəfindən qalib alıcının adına rəsmiləşdirilib.
Qeyd edək ki, istənilən vətəndaş, iş adamı elektron imzadan istifadə edərək ƏMDK-nın rəsmi internet səhifəsindən (e-emdk.gov) və ya Elektron Hökumət Portalından (e-gov.az ) qeydiyyatdan keçmək üçün istifadə edə bilər. Qeydiyyatdan keçmiş hər bir sifarişçi hərrac günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Hərraclarda iştirak etmək üçün sifariş vermək də elektron qaydada həyata keçirilir.
Qeydiyyatdan keçmiş sifarişçinin hərracda iştirakla bağlı seçim imkanı olur. Beləki, onlar həm hərrac günü göstərilən vaxt prosesin keçirildiyi yerə gələ bilər, həm də hərrac keçirildiyi zaman Komitənin portalında müvafiq bölməyə daxil olaraq hərracda onlayn iştirak edə bilər.
ƏMDK tərəfindən fəaliyyət istiqamətləri üzrə tətbiq edilən innovasiyaların başlıca məqsədi vətəndaşlara və biznes subyektlərinə göstərilən ictimai xidmətlərdə şəffaflığın daha da artırılması, optimallığın və əlçatanlığın maksimum təmin edilməsi, vətəndaşların daha cəld və minimum vaxt itkisi olmaqla xidmətlərdən istifadələrini və bununla da əhalinin məmnunluğunun təmin edilməsidir.
Mənbə: Report.az