Azərbaycanda hotelçilik sahəsindəki problemlərin həlli yolları: Samir Dübəndi cavabladı | Banco.az

Azərbaycanda hotelçilik sahəsindəki problemlərin həlli yolları: Samir Dübəndi cavabladı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2023-cü ilin 9 ayı ərzində Azərbaycanda hotellər ümumilikdə 370 milyon manat gəlir əldə ediblər.

Banco.az Dövlət Statistika Komitəsinin açıqladığı hesabata əsasən bildirir ki,  Bakı şəhərində yerləşən hotellərin ilk 9 ayda gəlirlərinin həcmi 235,5 milyon manat olub. Başqa sözlə ölkə üzrə hotellərin ümumi gəlirlərinin 3-də 2-si və ya 64%-i Bakının payına düşür.

Hotellərin gəlirlərinin səviyyəsinə görə, ikinci pillədə 27,8 milyon manatla ölkənin əsas turizm şəhərlərindən olan Qəbələ rayonudur. Qusar rayonundakı (Şahdağdakı hotellər bu rayondadır) otellərin gəliri 18,7 milyon manat təşkil edib və bu göstərici ölkə üzrə 3-cüdür.

Azərbaycanda hotel biznesində olan problemlər barədə  Hotellər və Restoranlar Assosiasiyasının sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi Banco.az-a danışıb.

Bu sahədə mövcud çatışmazlıqlara toxunan mütəxəssis deyir ki,  yüksək xidmət keyfiyyəti və komfort nümayiş edən müəsissələrlə yanaşı bir çox aşağı səviyyəli müştəri xidməti, qonaqpərvərlik prinsiplərini və standartlarını pozan, o cümlədən fürsətcil obyektlər də mövcuddur:

“Rəqabət artdıqca iqtisadi cəhətdən də dəyişikliklər baş verir.  Peşəkar kadrların, o cümlədən personal və menecment səviyyəsində, çatışmamazlığı hələ də sənayedə aktual problem olaraq qalmaqdadır.  Düşünürəm ki, qonaqpərvərlik sənayesi sahəsində KOB subyektlərin inkişafı istiqamətində, xüsusilə regional səviyyədə, müxtəlif iqtisadi həllər tədbiq edilə bilər. Bu addımlar atılarsa bu sahədə davamlı inkişafa və daha əlçatan xidmətlərə nail olmaq mümkündür”.

Ölkədə mövcud olan hotellərin qiymət siyasəti barədə suala cavab verən Samir Dübəndi vurğuladı ki, bu əsasən tələb və təklif əsasında formalaşır.

Ən sərfəli kredit üçün müraciət et

“ Dövlət bazar iqtisadiyyatında biznesin qiymət siyasətinə bir başa müdaxilə etmir. Yalnız bu o demək deyil ki, müxtəlif normativ-hüquqi sənədlərin tələblərilə biznes münasibətlər, rəqabətli, əlverişli biznes eko sisteminin yaradılmasını biz diqqətdən qaçırmalıyıq.

Bir neçə misalla qeyd etdiyim nəzəriyyənin praktiki əhəmiyyətini izah etmək istərdim. Misal üçün, əgər normativ-hüquqi və normativ-texniki tənzimlənmə sistemində hotellərin və restoranların personalının və menecmentının peşə kvalifikasiyalarına ciddi tələblər tətbiq etsək, bununla yanaşı bu sahədə çalışan hər bir kəs üçün rahat, asan, müəsissədən ayrılmayaraq, onlayn və sair həllərlə kvalifikasiyanın artırılması, dəyişdirilməsi və təsdiqi kimi imkanlar yaratsaq, bu rəqabətin möhkəmlənməsinə, xidmətlərin keyfiyyətinin artmasına, xidmət sahəsinin əməkdaşlarının peşə imicinin möhkəmlənməsinə nail olmaqda köməklik göstərmiş olar”.

Hotel sahəsində standartlar barədə danışan Samir Dübəndi hesab edir ki, digər qonaqlama yerlərinə də milli standartlar verilməlidir:

“Hazırda ölkədə yalnız hotel adı daşıyan yerləşmə vasitələri üçün tələblər və onların təsnifat sisteminin formalaşaraq bu qiymətləndirmə meyarları normativ-hüquqi sənədlərlə təsdiqlənib. Digər yerləşmə vasitələri - qonaq evləri, kənd evləri, kempinqlar, koteclər, villalar,  hostellər və s. üçün milli standartlar mövcud deyil. Hesab edirəm ki, hər iki təcrübənin tətbiqi ölkə turizmində, qonaqpərvərlik sənayesində və xidmətlər sahəsində  inkişafa xüsusi töhfə verə bilər.

Bu fikir və təcrübələrlə paylaşaraq biz müvafiq dövlət qurumları ilə də müzakirələr aparmışıq. Belə bir təşəbbüslər müsbət qəbul edilir yalnız onların realizəsində xüsusi bir maraq görmürük. Bu istiqamətdə təşəbüslərin irəli sürülməsini davam edəcəyik. Çünki ədalətli rəqabət şəraiti, yüksək biznes etika, ekoloji və sosial məsuliyyət, peşəkar yanaşmalar hər bir iqtisadi fəaliyyətin uğurlu, davamlı inkişafının elementlərindəndir”.